“Əsgər yoldaşımı güllələyəndən sonra şokdaydım”

17 Sentyabr 2019 18:21

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Penitensiar Xidmətin bölük komandiri Kazım Həsənovun məhkəməsi keçirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun icraatında olan prosesdə şahidlər dindirilib.

Kənan Məmmədov deyib ki, həftəsonları şəhərə çıxmaq üçün komandirlərə pul verib: "Pulu birbaşa Kazım Həsənova verməmişəm, hərbi hissəyə qayıdanda 40 manat pulu hərbi biletin içinə qoyub verirdim". 

K.Həsənov deyib ki, həmin ərəfədə əsgər Rauf Qasımzadə əsgər yoldaşı İlkin Tanrıverdiyevi güllələyərək yaralayıb: "Bu hadisədə mənim bir günahım yox idi. Amma bu işə görə dindirilən əsgərlərdən mənim əleyhimə təzyiqlə ifadə alıblar".

5 il cəza alan R.Qasımzadə də konvoyun nəzarəti ilə məhkəməyə gətirilib və ifadə verib: "İstintaqda yalan danışdım, əsgər yoldaşımı güllələyəndən sonra şokdaydım, ona görə elə dedim. Komandirimə rüşvət verdiyimi demişəm, amma bu yalandır".

Milli.Az