Abşerondakı hoteldə 21 yaşlı sevgilisini öldürdü - TƏFƏRRÜAT

17 Sentyabr 2019 19:19

Abşeron rayonunda hoteldə 21 yaşlı sevgilisini öldürməkdə təqsirli bilinən Nəriman Əliyev barəsindəki hökmdən apellyasiya şikayəti verib.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, onun şikayətinə hakim Vidadi Cəfərovun sədrliyi ilə keçiriləcək məhkəmə prosesində baxılacaq.

İlkin baxış iclası sentyabr ayının 20-nə təyin olunub.

Qeyd edək ki, hadisə ötən ilin sentyabr ayında Abşeron rayonunda baş verib.

Ucar rayon sakini olan 21 yaşlı Aysel Orucova sevgilisi 35 yaşlı Kürdəmir rayon sakini Nəriman Əliyev tərəfindən qısqanclıq zəminində qətlə yetirilib.

Əvvəllər məhkum edilmiş N.Əliyevlə Aysel bir müddət əvvəl tanış olub və onların arasında sevgi münasibəti yaranıb. Bu müddətdə cütlük bir neçə dəfə görüşərək cinsi əlaqədə olub. Belə ki, Nəriman qeyri-rəsmi münasibətdə olduğu gənc qızı növbəti dəfə hotelə gətirib və otaqda olarkən Nərimanla Aysel arasında mübahisə baş verib. N.Əliyev Ayselin başqa şəxslərlə görüşdüyünü öyrəndiyini deyib. Daha sonra mübahisə münaqişəyə çevrilib və Nəriman özü ilə gətirdiyi bıçaqla sevgilisinə 11 bıçaq zərbəsi vuraraq qətlə yetirib.
Hadisədən sonra sakitcə hoteli tərk edən N.Əliyev daha sonra Xırdalanda polislər tərəfindən saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nəriman Əliyev 18 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az