Ramil Qasımovun "Bizi birləşdirən mədəniyyət " verilişində ilk qonağı Əbülfəs Qarayev oldu

17 Sentyabr 2019 18:04

"Mədəniyyət" kanalının direktoru Ramil Qasımovun aparıcılığı ilə sözügedən kanalda "Bizi birləşdirən mədəniyyət" adlı yeni layihə efir həyatına başlayır.

Layihənin aparıcılıq missiyasını öz üzərinə götürən Ramil Qasımov qeyd edib ki, yeni veriliş "Mədəniyyət" kanalı və Mədəniyyət Nazirliyinin birgə layihəsidir: "Azərbaycan Televiziyasında ölkəmizin mədəniyyətinin inkişafı və təbliğinə xidmət göstərən verilişlərin sırasına daha bir verilişimiz qoşulur. - "Bizi birləşdirən mədəniyyət"... Verilişimizin əsas qayəsi zəngin mədəni tariximizi, əsrlərdən süzülüb gələrək bu günümüzə çatmış qədim milli-mənəvi dəyərlərimizi, tarixdə iz qoymuş
sənətkarlarımızı bir daha xalqa və dünyaya təbliğ etmək, müasir dövrdə formalaşan, yetişən istedadlı gəncləri xalqımıza tanıtdırmaqdır. Əlbəttə ki, bütün bu işlərdə ölkəmizin, ölkə rəhbərliyinin göstərdiyi diqqət, qayğı danılmazdır. Verilişimizdə, həmçinin qarşıda duran vacib məsələlər haqqında müzakirələri
planlaşdırırıq".

Verilişin ilk qonağı Azərbaycan mədəniyət naziri Əbülfəs Qarayevdir.
Verilişin ilk buraxılışı Milli Musiqi Günü, yəni sentyabrın 18-də, saat 21:30-da "Mədəniyyət" kanalında yayımlanacaq.

Milli.Az