Gələn il Azərbaycanın dövlət və icmal büdcələrinin ilkin göstəriciləri açıqlandı

13 Sentyabr 2019 17:11

2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 484 milyon manat məbləğində proqnozlaşdırılır.

Milli.Az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 316 milyon manat və yaxud 5,7% çoxdur.

Gələn il büdcə xərcləri isə 25 617,7 milyon manat məbləğində nəzərdə tutulub. Bu isə 2019-ci ilin təsdiq edilmiş göstəricisinə nisbətən 427,7 milyon manat və yaxud 1,7% çoxdur.

Beləliklə, büdcə kəsri 1 133,7 milyon manat məbləğində gözlənilir ki, bu da 888,3 milyon manat və yaxud 43,9% azdır.

2020-ci ilin dövlət büdcəsində dövlət borcuna xidmətlə bağlı xərclər 2 485,2 milyon manat (təxminən 1 462 milyon ABŞ dolları), o cümlədən faiz xərcləri 775,4 milyon manat məbləğində nəzərdə tutulub.

Gələn il hökumət kredit sazişləri çərçivəsində xaricdən 559,4 milyon dollar borc almağı, daxildən isə 100 milyon manat borclanmağı planlaşdırır.

Bu ilin sonuna Azərbaycanın xarici dövlət borcunun 8 860 milyon dollar, daxili dövlət borcunun isə 1 420 milyon manat olacağı proqnozlaşdırılır.

Milli.Az