"Neftçi"nin polisə verdiyi İT mütəxəssisi: "Yalan məlumat yayıblar"

13 Sentyabr 2019 12:44

"Neftçi"nin prezidenti Kamran Quliyevin klubun keçmiş İT mütəxəssisi Kamran Abdullayev barədə Bakı Şəhər Baş Polis idarəsinə şikayət ərizəsi ilə müraciət etdiyini xəbər vermişdik.

Klub Abdullayevi işdən ayrılandan sonra "Neftçi"nin veb-səhifəsinin loqin və parolunu geri verməməkdə, əlavə pul istəməkdə günahlandırır. Amma...

Milli.Az xəbər verir ki, sportinfo.az saytına danışan Kamran Abdullayev bunların yalan olduğunu bildirib. İT mütəxəssisi klub rəhbərliyinə qarşı məhkəmə iddiası da qaldırmaq fikrindədir: 

"Əslində, 2 il əvvəl işdən özüm çıxmışam, ştatda deyildim, müqavilə ilə əməkdaşlıq edirdik. Verdikləri maaş qane etmədi, mən də başqa iş tapıb çıxdım. Çıxanda loqin-parolu təhvil vermişəm. Əlimdə bunu sübut edəcək faktım da var. Sadəcə, onlar loqin-parolu itiriblər. Ondan sonra mənə bir neçə dəfə müraciət etdilər. Mən də demişəm ki, istəsəz, bərpa etməyə çalışaram, bu, mənim işimdir. Loqin-parolun bərpasının əlavə xidmət olduğunu deyib normal haqqımı istəmişəm. Onlara heç vaxt deməmişəm ki, mənə pul verməlisiz-filan. Loqin-parolu itiriblərsə, mənim problemim deyil. Söhbət belə olub. Ancaq onlar yalan məlumat yayıblar.

Saytlarda da görmüşəm bunu, yalan məlumat yaydıqları üçün mən də məhkəməyə müraciət edə bilərəm.  "Neftçi"nin şikayəti ilə bağlı polisdən mənə zəng olub, idarəyə getməmişəm. Bu barədə danışmamaq haqqım var, açıqlama vermək istəmirəm. Təbii ki, "Neftçi" rəhbərliyi etdiyi səhvi başa düşüb şikayəti geri götürməsə, mən də əks-iddia qaldırıb onları məhkəməyə verəcəm. Çünki loqin və parolu onlara təhvil verdiyimi sübut edən faktım var".

Milli.Az