Rusiyanın İdman naziri: Azərbaycan Avropa Oyunlarını keçirməklə yüksək göstərici nümayiş etdirdi

12 Sentyabr 2019 21:54

Azərbaycan 2015-ci ildə Birinci Avropa Oyunlarını keçirməklə yüksək göstərici nümayiş etdirdi. İdmançılarımız Bakını çox tərifləyir, oraya həmişə böyük məmnuniyyətlə gedirlər. Mən özüm də həmişə böyük məmnuniyyətlə Bakıya səfər edirəm.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Rossiya seqodnya" agentliyində "Rusiya - idman dövlətidir" forumunun keçirilməsinə həsr olunan mətbuat konfransında Rusiyanın idman naziri Pavel Kolobkov bildirib. O qeyd edib ki, Bakı çox qonaqpərvər şəhərdir, oraya hamı böyük məmnuniyyətlə gedir. "Bakıda çox rahat logistika, çox gözəl, valehedici hava limanı mövcuddur. Şəhər bütün mehmanxana infrastrukturu ilə təchiz edilib. Dostlarım, idmançı həmkarlarım kimi mən də Azərbaycana daim böyük məmnuniyyətlə gedirəm", - deyə nazir qeyd edib.

"Rusiya - idman dövlətidir" beynəlxalq forumu idman sahəsində geniş müzakirə meydançasıdır. Forum Rusiya Prezidenti Vladimir Putinin Fərmanına müvafiq olaraq keçirilir. Tədbir bu il oktyabrın 10-11-də Nijni Novqorodda təşkil olunacaq. Forumda Azərbaycanın, Qazaxıstanın və Belarusun idman nazirlərinin iştirakı gözlənilir.

Milli.Az