Yelizaveta Luzan: "Mən komanda hesabı üçün mübarizə aparacağam"

12 Sentyabr 2019 16:35

Bədii gimnastika üzrə 37-ci dünya çempionatına hazırlıq intensiv davam edir.

Milli.Az bildirir ki, bunu Trend-ə müsahibəsində Azərbaycan milli komandasının üzvü Yelizaveta Luzan deyib.

Onun sözlərinə görə, demək olar ki, hər gün yoxlama məşqləri olur:

"Mən ilk növbədə rəqiblərlə yox, özüm özümlə mübarizə aparmalıyam. İndi mənim üçn ən vacibi fərdi hesabda yer tutmaq deyil, mən komanda hesabı üçün mübarizə aparacağam. Yaxşı çıxış edib, komandama kömək etmək istəyirəm".

Gimnast çıxışı zamanı onun üçün ən çətin alətin gürzlər olduğunu deyib.

Əksər gimnastlar kimi Y.Luzan da meydançaya çıxarkən həyəcan keçirir:

"Mənə məşqçilər kömək edir, onlar məni sakitləşdirir. Özüm də sakit olmağa çalışıram. Çıxışdan əvvəl mən hər şeyi yoxlamalıyam, yalnız bundan sonra xalçaya çıxa bilərəm. Çıxış zamanı isə ən əsas başlanğıcdır. Bu, mənim üçün ən çətin hissədir, daha sonra sakit oluram. Tamaşaçıların dəstəyi də mənə müsbət təsir göstərir".

Qeyd edək ki, 14 ildən sonra ölkəmiz yenidən ən önəmli yarışlarından biri - Bədii Gimnastika üzrə Dünya Çempionatına ev sahibliyi edəcək.

16-22 sentyabr tarixlərində keçiriləcək yarış yalnız bütün dünyadan olan bədii gimnastların birincilik uğrunda mübarizəsi ilə deyil, eyni zamanda 2020-ci ildə Tokioda (Yaponiya) təşkil ediləcək 32-ci Olimpiya Oyunlarına lisenziya xarakteri daşıması ilə əlamətdar olacaq.

62 ölkənin iştirak edəcəyi çempionatda həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları 7 gün boyunca baş tutacaq ayrı-ayrı alətlər və çoxnövçülük yarışlarında ən yaxşıların sırasında olmağa çalışacaqlar. Eyni zamanda komanda hesabında ən güclülərin adları açıqlanacaq.

İlkin qeydiyyat siyahısına əsasən yarışda çıxış edəcək 300-dən çox gimnast Olimpiadaya yeni namizəd olmaq üçün bütün güclərini toplayaraq yarışacaqlar. Belə ki, fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin Dünya Çempionatının nəticələrinə əsasən Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin edib. Bu ilin çempionatında çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Tokioya vəsiqə qazanacaq.

Milli.Az