İt əl çəkdi, ayı əl çəkmədi - Qubada yenə həyəcanlı anlar

11 Sentyabr 2019 20:59

Qubada ayı kəndə hücum edib. Hadisə rayonun Xınalıq kəndində baş verib.

Milli.Az bildirir ki, kənd sakinlərinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, ayı kənd sakini Səxavət Sultanova məxsus bir baş inəyi parçalayıb.

Hadisə Tufandağın ətəyində - yaylaqda baş verib. Qəfil sürüyə basqın edən ayı iribuynuzlu heyvana hücum edərək göz qırpımında onu parçalayıb.

Kənd sakinlərinin sözlərinə görə, bu ilk hal deyil. Bir müddət öncə vəhşi heyvan eyni şəxsin sürüsündən 15 baş qoyunu parçalayıb. İnsanlar ayının sürü sahibinə və yaxud sahədə oynayan uşaqlara hücum edəcəyindən qorxduqlarını bildirirlər.

Xatırladaq ki, bir həftə öncə Quba rayonunun Küsnətqazma kəndinə ayının hücum edərək kənd təsərrüfatı heyvanlarına zərər vurması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat daxil olmuşdu. Bu məlumat əsasında İşçi Qrup yaradılıb.

Milli.Az