Bal yarmarkasına çıxarılacaq məhsulların keyfiyyətinə nəzarət ediləcək

11 Sentyabr 2019 18:01

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 28 sentyabr-18 oktyabr tarixlərində keçiriləcək arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkasında satışa çıxarılacaq arıçılıq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarət edəcək.

Agentlikdən Milli.Az-a verilən məlumata görə, bu barədə məlumatı yarmarkaya hazırlıq işləri və tətbiq ediləcək yeniliklərə həsr olunmuş mətbuat konfransında Respublikanın Baş Dövlət Baytarlıq Müfəttişi Qalib Əbdüləliyev verib.

Bildirib ki, Agentliyin tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitunun əməkdaşları tərəfindən satışa çıxarılacaq bal və bal məhsullarından nümunələr götürülərək İnstitutun müvafiq laboratoriyalarında ekspertizaya cəlb ediləcək. Ekspertizalar zamanı məhsulların təhlükəsizliyi, eləcə də keyfiyyət göstəriciləri yoxlanılacaq və yalnız qida təhlükəsizliyi göstəriciləri uyğun olan məhsulların satışına icazə veriləcək.

Yarmarkada Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun ən müasir cihaz və avadanlıqlar ilə təchiz edilmiş səyyar laboratoriyası arıçılıq məhsullarının müayinələrinin aparılması üçün vətəndaşlara xidmət göstərəcək. İstehlakçılar aldıqları balın keyfiyyətinə əmin olmaq üçün məhsulu səyyar laboratoriyaya təqdim edə bilərlər.

Milli.Az