Hansı Azərbaycan yeməkləri brend olacaq?

11 Noyabr 2011 09:00
Azərbaycanın milli mədəniyyətinin ayrılmaz hissəsi olan mətbəxinin son zamanlar başqa millətlər və ölkələr tərəfindən mənimsənilməsinə qarşı mübarizə apara biləcəyik.

Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, bunun üçün Azərbaycan yeməklərinin patentləşməsi lazımdır. Onun sözlərinə görə, hazırda Mədəniyyət və Turizm Nazirliyində Milli İrs siyahısı toplanıb. Siyahının 2/5 hissəsini Azərbaycan mətbəxinin yeməkləri təşkil edir.

T.Əmiraslanov deyir ki, siyahı üzərində iş gedir. Nazirlər Kabineti bunu təsdiqləyəndən sonra Azərbaycan xörəklərinin pasportlaşması prosesi gedəcək. Bundan sonra həmin xörəklər müəllif hüququ alacaq. Yeməklər Azərbaycanda dövlət standartlarına çevriləndən sonra beynəlxalq patentlər alınacaq. Hazırda 3000-ə yaxın yemək toplanıb ki, onların bir qismi Milli İrs siyahısına düşüb, qalanlarının üzərində isə işlənilir.

"Mətbəxin toplanması prosesi ağır işdir. İyirmi ildir, Azərbaycan mətbəxini toplayıb təhlil etməklə məşğuluq. Hazırda gördüyümüz iş də tələsik edilir. Mətbəxi toplayıb axıra çıxmaq olmur. Biz istəyirik ki, bütün yeməklər siyahıya daxil edilsin. İtib-batan xörəklərimiz ola bilər. Rayonlara gedib ayrı-ayrı adamlarla söhbət etmək, yeməkləri toplamaq, ədəbiyyatı araşdırmaq az iş deyil", - deyə T.Əmiraslanov işin ağırlığından söhbət açdı.

Uzun müddətdir Azərbaycan mətbəxini qorumaq və dünyaya çıxarmaqla məşğul olduğunu deyən mərkəz direktoru Azərbaycan yeməklərinin, ərzaqlarının brend olmasını istəyir:

"Bunun üçün böyük iş aparılır. Mətbəximiz o qədər tarixə malikdir ki, işi qısa zamanda başa çatdırmaq olmur. Mətbəximiz Fransa və Çin mətbəxindən varlıdır. Fəxr edirik ki, belə mətbəximiz var!"

T.Əmiraslanov qeyd etdi ki, dörd sistem - standart, milli irs, müəlliflik hüququ və patentləşmə - olandan sonra yeməklərimiz mənimsənilən zaman məhkəmə iddiası qaldırmaq mümkün olacaq.

Anar Məmmədov
Milli.Az