"Unudulmayanlar" davam edir - Beynəlxalq Muğam Mərkəzində

11 Sentyabr 2019 17:39

Beynəlxalq Muğam Mərkəzi  muğam sənətimizin təbliği istiqamətində çoxsaylı layihələr reallaşdırır. Bu layihələrdən biri də "Unudulmayanlar" adlanır.

Milli.Az xəbər verir ki, "Unudulmayanlar" layihəsinin məqsədi Azərbaycan milli musiqisinin yaradılması tarixində əvəzolunmaz rol oynamış görkəmli  mədəniyyət xadimlərinin  bəstəkarların, klassik musiqi tariximiz və muğam ifaçılarının həyat və yaradıcılığını təqdim etməkdir.

Layihənin açılışı ötən il,  5 mart 2018-ci il tarixində baş tutub və  Azərbaycan mədəniyyət xadimi, dahi bəstəkar, məşhur alim-pedaqoq və ictimai xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, akademik Qara Qarayevin 100 illiyinə həsr olunmuşdu. Daha sonrakı buraxılışlarda xanəndə,  Xalq artistləri, unudulmaz ifaçılar, Həqiqət Rzayeva, Azərbaycan vokal ifaçılığının banisi, opera müğənnisi Bülbül və digər sənətkarlara  həsr edilmiş gecələr təşkil edilib.

2019-cu ilin ilk "Unudulmayanlar"ı 24 sentyabr tarixində təqdim olunacaq. Layihənin ilk tədbirində XIX əsrin sonu - XX əsrin əvvəlində xanəndəlik fəaliyyəti ilə məşğul olmuş daha sonra neft sənayeçisinə çevrilən Seyid Mirbabayevin xatirəsi yad ediləcək.  Bütün muğamsevərləri 2019-cu il boyunca layihənin maraqlı konsertlərini izləməyə dəvət edirik. Layihə "Mədəniyyət" kanalının informasiya dəstəyi ilə reallaşır.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi "Unudulmayanlar", "Muğam axşamları" "Dastan gecələri", "Aşıq musiqisi" , Etnik musiqi inciləri"  kimi layihələri davam etdirməkdədir. Layihələrin məqsədi muğam sənətimizin , milli musiqimizin və qeyri maddi mədəni irsimizin təbliği və gənc nəslə tanıdılmasdır. 

Konsertlərə biletləri iTiket.az , Asan xidmət mərkəzləri və şəhərimizin bütün kassalarından əldə edə bilərsiz.

Milli.Az