Təkbirətul-ehramı deyəndə, niyyət necə olmalıdır?

12 Sentyabr 2019 22:55

İmam Cəfər Sadiq (ə) təkbirətul-ehram deyən namazqılanın iki cür olduğunu belə bəyan edir: "1. İnsan bütün diqqətini Allaha yönəldir. Bütün aləmdə Həzrət Haqqdan başqa böyük bir qüdrət yoxdur və bəndə qəlbini Allahdan qeyrisinə vermir. Onun eşqinin cazibəsi başqa eşqlərin yanında zəif və gücsüz qalır. Bəndə bu cazibə zamanı çirkinliklərdən uzaqdır və bütün varlığı İlahi həsənələrlə bəzənmişdir.

2. Mövzunun həqiqətindən xəbərsiz və qəflət halında olmaqdır. Bu halda bəndə hələ də maddi aləmin xəyalları və təsvirlərinə giriftar olmuşdur. Həzrət Haqqın əzəmətini, Cəlalını dərk etməmişdir. Tamamilə çarəsiz və alçaqdır. Qürbə getmək üçün özünə yol açmamışdır. Onun bu sözü deməsi ilə deməməsi arasında fərq yoxdur".

İmam (ə) bu dəyərli kəlamları ilə bəndələri həqiqi təkbirə dəvət edir və yalançı təkbirdən uzaq olmağa dəvət edir. Həzrət (ə) buyurur: "Təkbirətul-ehram zamanı yerlə göy arasında mövcud olan nə varsa, göylərin və yerin özünü də kiçik hesab et. Həzrət Haqqın əzəmət və böyüklüyündən başqa heç bir şeyə diqqət etmə. Bu həqiqəti bil ki, böyük Allah bütün varlıqların zahirini və batinini bilir. Çünki təkbir deyən zaman qəlbinin zatına nəzər salar. Qəlbində bu təkbirdən başqa yerdə də olub-olmamasına baxar. Varlığın həqiqətindən qəflət və səhvi görəndə fəryad çəkər: "Ey yalançı! Mənimlə hiylə və məkr edirsən? İzzət və Cəlalıma and olsun ki, sənin təkbirin canlı olmadığı üçün üç ali həqiqətdən məhrum edirəm:

1. Yadına düşməyimin şirinliyini sənə haram edirəm.

2. Qürbə çatmağına mane oluram.

3. Dua edən zaman şad olmağını qadağan edirəm".

Ey Allahın bəndələri! Ey Həzrət Haqqın bəndələri! Ey həqiqəti sevənlər! Ey namazqılanlar! Sizi Allaha and verirəm ki, aşiq üçün bu üç əzabdan yuxarısı yoxdur".

Qüdsi hədisdə oxuyuruq ki, Allah Musa ibni İmrana buyurur: "Filankəsə de: "Səni elə bir bəlaya düçar etmişəm ki, ondan yuxarısı yoxdur". Musa dedi: "Allahım! Mən onu bəlada görmədim". Xitab gəldi: "Dua ləzzətimi ondan almışam"".

Vay olsun bizə! Əgər Həzrət Haqq bizi dərgahından qovarsa, nə edərik?!

Xülasə, İmamın (ə) sözlərindən bunu başa düşürük ki, təkbir deyən zaman bütün diqqətimizi Allaha yönəltməliyik. Ətrafımızda olan aləmi yaddan çıxartmalıyıq. Çünki əks halda Həzrət Haqqa xəyanət etmiş olarıq.

Bu məsələ ancaq namazda riayət edilməməlidir, hər bir işdə və hər bir halda Allaha diqqət etməyi təmrin etməliyik. Bu təqva əhlinin ən ali məqamıdır. Bu zaman Allahın sözündən başqa söz deyilməməlidir.

Bəs təkbir deyən zaman niyə əllərimizi qulağımızın arxasına qoyuruq?

Milli.Az deyerler.org-a istinadən bildirir ki, ariflərdən biri deyir: "Allahdan qeyri bütün şeyləri əlinin arxasında qoyursan və qəlbindən çıxarıb atırsan. Sonra da əlinin arxası ilə başının arxasına tökürsən. Elə et ki, qarşında heç bir şey qalmasın. Həzrət Haqqın köməyi ilə şeytanı başının arxasında zəncirə vur. Nə namazda və nə də başqa vaxtı sənə əl vura bilməsin. Əllərinin içini isə Allahdan dilənçilik diləyərək, Ona tərəf açırsan. ədəb və vüqarla, təvazökarcasına de: "Allahu Əkbər"".

Bəli, təkbir deyərək insan bütün keçmişdə etdikləri xəcalətli əməllərinə arxa çevirər və gələcəyə ümidlə baxar. Günahı etiraf edərək, qəlbi şeytanın vəsvəsəsindən təmizləmək üçün Həzrət Haqqın müqəddəs hərəminə daxil olarıq. Təkbir bu girişin müqəddiməsidir. Allahın rəhmət qapısını açacaq bir açardır.

"Allahu Əkbər!" - yəni əlaqələrimə yox deyirəm və qəlbimi Sənin dərgahına bağlayıram. Bütün günahlardan bağımı qırır və Haqqa tərəf irəliləyirəm deməkdir.

Milli.Az