"Səhərcağı" üç gün müddətində Beynəlxalq Muğam Mərkəzinin qonağı oldu

10 Sentyabr 2019 16:29

Azərbaycan Televiziyasının "Mədəniyyət" kanalı 3 gün ardıcıl olaraq "Səhərcağı" səhər efirini Beynəlxalq Muğam Mərkəzindən yayımladı.

Üç gün müddətində, canlı efirdə  ölkəmizin mədəni həyatının mənzərəsi paytaxtımızın gözəl memarlıq incilərindən biri olan həm də muğam sənətimizin qoruyucu missiyasını həyata keçirən Beynəlxalq Muğam Mərkəzinin binasından  bütün dünyaya yayımlandı. Verilişin qonağı olan görkəmli mədəniyyət və sənət adamları, xarici səfirliklərin nümayəndələri, ölkəmizdə qonaq olan sənət adamları Muğam Mərkəzin fəaliyyəti ilə bağlı müsbət fikirlərini, birgə əməkdaşlığın,  burada keçirilən tədbirlərin, layihələrin yüksək səviyyəsindən məmnunluqlarını ifadə etdilər.

Beynəlxalq Muğam Mərkəzinin direktoru, professor,  Xalq artsiti Murad Hüseynov da canlı efirin qonağı olub. "Mədəniyyət" kanalının aparıcıları onlara yaradılan şəraitə görə direktora dərin təşəkkürlərini ifadə ediblər. Murad Hüseynov öz növbəsində bildirib ki, Azərbaycan Televiziyası və "Mədəniyyət" kanalı Beynəlxalq Muğam Mərkəzi ilə daim sıx əməkdaşlıq edir, burada təşkil edilən konsert və layihələri bütün dünyaya işıqlandırır.  Daha sonra direktor mərkəzin yeni mövsümdəki fəaliyyəti ilə bağlı məlumatı diqqətə çatdırıb.  Beynəlxalq Muğam Mərkəzinin qaynar fəaliyyəti və yeni mövsümdəki layihələri ilə bol məlumatlı efiri sizlərə təqdim edirik.  Efiri bu linkdən izləyə bilərsiniz https://www.youtube.com/watch?v=YXsllr2Jys4

Qeyd edək ki,  bu günə kimi Beynəlxalq Muğam Mərkəzi televiziya kanalları ilə birgə bir çox layihələrə imza atıb. İctimai Televiziya, Azərbaycan Televiziyası öz verilişlərini mərkəzdən birbaşa yayımlayıblar. BMM bu ənənəyə sadiq qalaraq  televiziyalarla birlikdə müxtəlif layihələri davam etdirməkdədir.

Milli.Az