Aşura hadisəsi baş verməyə bilərdimi?

10 Sentyabr 2019 23:50

Bismilləhir-Rahmənir-Rahim!

Məhərrəm ayını yaşamaqdayıq. Alladan istəyimiz budur ki, bizlərə Aşura məktəbini öyrənib, həyatımız üçün lazımi dərsləri götürməyi nəsib etsin!

İnancı yaşadan 3 xüsusiyyət

Allah Təala "Həşr" surəsinin doqquzuncu ayəsində mühüm bir əxlaqi keyfiyyət haqqında bizi bilgiləndirir. Ayədə buyurulur: "Həm də (ənsardan) o kəslər üçündür ki, hicrət və iman evini (Mədinə mühitini) özü üçün yurd seçib, onlara tərəf hicrət edənləri sevər, onlara (mühacirlərə) verilən qənimətə görə ürəklərində həsəd duymaz, özləri ehtiyac içində olduqları halda, onları özlərindən üstün tutarlar. Nəfsin xəsisliyindən qorunub saxlanılan kimsələr - məhz onlar nicat tapanlardır".

Bu nurani ayədə isar xüsusiyyəti, keyfiyyəti haqqında buyurulur.

İnancımız bir neçə tərkibdən ibarətdir. Mühüm bir hissəsi - etiqadi bir hissədir. Biz inancımızın mövcud olması üçün gərək bəlli gerçəklikləri, həqiqətləri tanıyaq, onlarla tanış olaq, onları qəbul edək, ağılla, şüurla qəbul edək, onlara iman gətirək.

İkinci mühüm məsələ - iman gətirdikdən sonra o etiqadın, imanın yaratdığı əməllə, davranışlarla bağlı mövzulardır. Bunların bəziləri əhkamla, bəziləri əxlaqla bağlıdır. Deyə bilərik ki, inancımızı yaşatma üç mühüm tərkib üzərindədir: etiqad və ona iman gətirmək, əhkam mövzularını bilmək və əməl etmək, İslamın gözəl bildiyi əxlaqi keyfiyyət və xüsusiyyətlərə malik olmaq.

İsar - nə etməli müstəvisində olan yüksək bir əxlaqi keyfiyyətdir. İsar budur ki, insan özünün ehtiyacı ola-ola, zərurətləri ola-ola digərini önə buraxsın, digərinin ehtiyacını ödəsin. İsarın müxtəlif müstəvilərdə nümunələri var. Bunun ən kamil forması təbii ki, Kərbəladadır. Kərbəlada o yüksək şəhidlik məqamına çatan əzizlər öz varlıqlarını, öz həyatlarını isar edirlər. Onların da digərləri kimi gündəlik qayğıları, gündəlik yaşayışdan irəli gələn mövzuları var idi. Amma, onlar etiqad və imandan irəli gələn əməli mövzuda yüksək bir əxlaqi keyfiyyətə - isara malik idilər.

Azad insanların davranışı

Rəbbimiz ayədə bizi bu gözəl xüsusiyyətlə tanış edir. Bütün dövlərdə yaşamış müsəlmanların həyatında ən ali keyfiyyətlərdən biri - isardır. Bir var ki, insanın özünün ehtiyacı olmadığı bir halda, o, yaxşı bir iş görsün. Əlbəttə, bu da yaxşı və gözəl bir işdir. Amma, özünün ehtiyacı ola-ola vəziyyətindən güzəşt etməsi, ehsan etməsi, keçməsi - artıq isardır. Xüsusən insanın həyatında etiqadı, inancı, amalları ilə bağlı mövzularda sevgi, inam, etimad mövzularında iddialar çox olur. Amma isar odur ki, insan o eşqini, məhəbbətini əməli halda yaşada bilsin.

Həzrət Əli (ə) buyurur: "İsar - ən ali əxlaqi keyfiyyətdir". Bir insanın özünün də ehtiyacı ola-ola nəyisə fədakarlıq etməsi, keçməsi isar adlanır. Həzrət Əli (ə) məktəbində bu, ən ali əxlaqi keyfiyyətlərdən sayılır.

Həzrət Əmirəlmöminin (ə) buyuruşunda gəlir: "İsar - əbrar əhlinin əxlaqıdır". Əbrar o kəslərdir ki, "birr" əməlinin, yaxşı əməlin sahibidirlər. İslam bizə əbrarla, yaxşı, gözəl əməl sahibləri ilə oturub-durmağı tövsiyə edir. Yaxşı əməl sahiblərinin əlahiddə gözəl xüsusiyyətlərindən biri - isardır. Həzrət Əli (ə) bizə öyrədir ki, isar yaxşı əməl sahiblərinin istisnavi durumu deyil, təbii halıdır.

Həzrət Əli (ə) digər yerdə buyurur: "İsarla hürr insanlar bəndəliyə cəzb olunarlar". Azad insanlar digər insanların davranışlarında fədakar davranış gördükdə, isar gördükdə İlahi bəndəliyə, doğru yola cəzb olunarlar.

Biz deyə bilərik ki, Həzrət İmam Hüseynin (ə) nurani məktəbinin əsrlər boyu yaşanmasının əsas səbəblərindən, amillərindən biri də məhz budur. Biz İmam Hüseynin (ə), onun əziz silahdaşlarının, məsləkdaşlarının mübarək şəxsiyyətində, mübarək varlığında bu ali əxlaqi keyfiyyəti müşahidə edirik. Budur əsrlər boyu bütün insanlığı, bəşəriyyəti cəzb edir.

İmam (ə) Mədinəni niyə tərk etməli olur?

Həzrət İmam Hüseyn (ə) artıq dörd aya yaxın idi ki, Mədinəni tərk etmişdi və Məkkəyə gəlmişdi. İmamın (ə)Mədinəni tərk etməsi bir zərurət idi. Əməvi sülaləsində hakimiyyət dəyişməsi baş vermişdi, hakimiyyət Müaviyədən (lən) Yezidə (lən) keçmişdi. Müaviyə (lən) dövründə Həzrət İmam Hüseynin (ə) Mədinədə varlıq və mövcudiyyəti bir mənəvi mərkəz olaraq mümkün olmuşdu.

Müaviyə (lən) fərqində idi ki, Əhli-Beytin (ə) bu nurunun söndürülməsi acı və ağrılı nəticələrə gətirib çıxarda bilər. Bununla kifayətlənməli olurdu ki, o, bu əziz İmamın (ə) yerlə göy arasında bağlantını həyata keçirməsinə, mənəvi imamlığına dözməyə məcbur idi. İmkan daxilində məhdudlaşdırmalar edirdi, amma bundan o tərəfə fiziki məhdudlaşmanın həyata keçirilməsinə tərəf kateqorik addım atmırdı.

Onun qəddar oğlu daha irəli getmək qərarına gəlir. Xilafəti qəsb edən Yezid (lən) düşünür ki, burada daha çox uğura çata bilər və daha əsaslı nəticələr əldə edə bilər. Ona görə də, ilk addımlarından biri - İmam Hüseyndən (ə) beyət tələb etməsi olur. Bu yanaşmasının absurdluğunu da dərk etmir.

Həzrət İmam Hüseynin (ə) yezid (lən) kimi birisinə beyət etməsi mümkünsüz bir haldır. Çünki, bu halda İslamın bir din olaraq mövcudiyyəti sual altına düşür.

İmam (ə) Mədinəni tərk etməli olur. Mədinədə mövcud olmaq artıq mümkünsüz bir hala gəlib çatır. Məkkə dövründə İmam (ə) beyətdən imtina etməsinin səbəblərini və Yezidə (lən) tabe olmağın acı nəticələrini insanlara çatdırır. Belə bir zamanda Kufədən Əhli-Beyt (ə) tərəfdarları toparlanıb, İmam Hüseynə (ə) məktublar yazırlar. Onlarla, yüzlərlə, minlərlə məktub göndərilir. Nəhayətdə bir nümayəndə heyəti cəmləşdirilir və Əbu Əbdullah Cədəli adında bir şəxs də bu heyətə başçı təyin edilərək, İmam Hüseynin (ə) yanına göndərilir. Həmin heyət Kufə əhlinin müraciət və xahişlərini İmama (ə) çatdırır.

İmamın (ə) səfiri

Hicrinin 60-cı ilnin son dövrləri idi. Həzrət İmam Hüseyn (ə) Kufədən gələn nümayəndə heyətinə deyir ki, biz gərək sizin bu çağırışınızın, dəvətinizin nə qədər ürəyinizlə bir olmasını, nə qədər həqiqi olmasını yoxlayaq. Ona görə də İmam (ə) bəyan edir ki, əmisioğlusu cənab Müslim ibni Əqili (r.ə) səfir göndərəcək, minlərlə olan müraciətlərin nə qədər həqiqətə uyğun olub-olmadığını yoxlayacaqlar.

Beləliklə razılaşdırılır ki, Müslim ibn Əqil (r.ə) Kufəyə gəlsin və gerçək həqiqətin nə olduğu aydın olsun. Kufənin seçilmişləri, elitası bu müraciətlərə imza atmışdılar.

İmam Hüseyn (ə) cənab Müslim ibni Əqili (r.ə) dəvət edir və ona belə bir İlahi missiyasının olduğunu çatdırır, onu vəzifələndirir. Ona təqvalı olmağı, mehriban rəftar etməni tövsiyə edir. Kufə camaatının sözdə dedikləri ilə ürəklərindəkinin bir olub-olmadığını aydınlaşdırmağı ona tapşırır.

İmam (ə) bəyan edir ki, əgər Kufə camaatının yazdıqları ürəklərindəki fikirləri ilə bir olsa, müraciətləri müsbət dəyərləndirib, Kufəyə yola düşəcək.

Müslim ibni Əqilin (r.ə) Kufəyə yola salınması

Beləliklə, biz görürük ki, çox dəyərli bir fədakar, isar sahibi olan Müslim ibni Əqil (r.ə) yola çıxmalı olur. Qeyd edək Müslim ibn Əqilin qardaşlarından, yəni Əqilin övladlarından doqquz nəfər İslam yolunda, İmam Hüseynin (ə) yolunda öz canlarını qurban verir, Aşura məktəbində isar və fədakarlıq nümunəsi ortaya qoyaraq, şəhadətə çatırlar. Bunlar bir insanlardır ki, şüurla, dərklə, anlayışla bu məktəbi seçirlər. Yalnız emosiya ilə yox, yalnız müəyyən məqsədlər üçün yox, imanlı bir seçim edərək bu yolda şəhid olurlar.

Müslim ibni Əqil (r.ə) təsadüfən Kufəyə səfir olaraq göndərilmir. O, ən ağır vaxtlarda imtahanlarını vermiş şəxsdir. Ən çətin vaxtlarda - Həzrət Əlinin (ə) şəhadətindən sonra, Müaviyə (lən) dövründə yaranan ən ağır şəraitdə heç nəyə aldanmır, Müaviyənin (lən) hoqqalarını rədd edərək, o məluna tərəf yönəlmir. Belə bir fərdi İmam Hüseyn (ə) səfir olaraq Kufəyə göndərir. Mübarək bir missiya ilə, mübarək bir yola salınır. O, Aşuranın ilk qaranquşudur. Bu nurani yolun ilk şəhidi olaraq tarixə düşmüş şəxsiyyət olur.

Aşura olmaya bilərdi

Böyüklərimiz, ariflərimiz, əxlaq mütəxəssisləri, böyük üzma alimlərimiz Kufə əhlinin bu tənəzzülünün dəyərləndirilməsini xüsusi olaraq edir. Ayətullahul-üzma Seyid Əli Xamenei cənabları buyurur ki, əgər Kufə elitası, xüsusən də Şureyh qazi öz imtahanını düz versəydi, tarix başqa cür yön ala bilərdi.

Bizim bu günlərdə ən çox eşitdiyimiz suallardandır ki, "Aşuranın alternativi var idimi?". Bəli, var idi. Aşura olmaya bilərdi. Eynilə bu cür əgər Həzrət Peyğəmbərin (s) vəfatı vaxtı əgər Mədinədə olan mühacir və ənsarın seçmə insanları imtahanlarını verə bilsəydilər, tarix başqa cür inkişaf edəcəkdi, Həzrət Əli (ə) xanənişin olmayacaqdı.

O cür də əgər Kufənin seçmə insanları, evində Müslimə (r.ə) sığınacaq vermiş Haninin seçmə dostları xəyanət etməsəydilər, Hani, İbni Ziyadın (lən) sarayına bir yolla gətizdirilməsəydi, tarix bu cür olmaya bilərdi. O zaman ki, Hani və Müslim ibni Əqil (r.ə) bir yerdə olmadılar, tarix başqa cür inkişaf  etdi.

Aşura ona görə oldu ki, fəal şeytlanlarla (lən) lal şeytanlar (lən) ittifaqa girdilər. Yalnız fəal şeytanlar (lən) Aşuranı həyata keçirə bilməzdilər. Biz bu gün İmam Hüseynin (ə) əziz səfirinin başına gələnlərdə fəal şeytanların (lən) lal şeytanlara (lən) necə təsir etməsini təhlil etməyə çalışırıq.

Kufə müsibətinin səbəbləri

Müslim ibni Əqil (r.ə) Kufəyə gəlir. Kufədə camaat bir-bir, iki-iki, on-on, yüz-yüz beyət etməyə başlayır. Görürlər ki, Kufənin böyüyü, o dövrdə olan hakimi Müslim ibni Əqilə (r.ə) qarşı çox da sərt getmir, onunla qarşı-qarşıya gəlmir. Tarix deyir ki, o, xaraktercə mülayim adam idi. Həmin hakim Müaviyənin (lən) qoyduğu hiylələrə, Yezidin (lən) qoyduğu hoqqabazlıqlara uyğun davranmırdı. O, bəyan edir ki, onunla savaşa çıxmayanla savaşa çıxmayacaq. Ona görə də Müslim ibni Əqilə (r.ə) qarşı güc tətbiq etməyə qalxmır.

Belə deyil idi ki, əvvəldən minlərlə insan Müslimin (r.ə) yanında idi. O minlər ona görə oldu ki, gördülər Kufənin o zamankı başçısı sakit durub, mülayim davranır. Bunun sayəsində yüzlər, minlərə çatdı. Avam kütlə, adi insanlar vəziyyətə, duruma baxar, xüsusən də elitaya, öndə gedənlərə, toplumun seçilmiş insanlarına baxar. Baxıb gördülər ki, toplumun həm güc sahibləri, həm rəy sahibləri rahat bir şəkildə Müslimə (r.ə) beyət edirlər. Onlar yüzlərə çevriləndən sonra, minlər meydana gəldi.

Bunlar beyət edən vaxt Kufədə Bəni Üməyyənin (lən) sadiq nökərlərindən iki-üç nəfər tapıldı ki, Yezidə (lən) məktub yazdılar, xəbər göndərdilər ki, Kufəni itirmək ərəfəsindədir. Ona tövsiyə etdilər ki, təcili olaraq özünə uyğun bir nəfəri Kufəyə göndərsin. Bundan sonra Yezid (lən) öz tipinə, öz halına, öz məcazına uyğun bir nəfəri Kufəyə göndərir.

Ubeydullah ibni Ziyad (lən) köhnə vəzifəsini - Bəsrənin hakimliyini də saxlamaqla Kufəyə hakim təyin edilir.

Seçmə insanların imtahanı verə bilməməsi

Hani Kufənin seçmə insanlarından idi və Bəni-Murad tayfasının böyüyü və mötəbər Kufə ağsaqqalı kimi onun sözü eşidilirdi. O qədər eşidilirdi ki, Kufənin o zamankı böyüyü ehtiyat edirdi, qarışmırdı. Amma ibni Ziyad (lən) gələndən sonra qorxu, işgəncə, fitnələr, şirnikləndirmələr başlandı.

Əvvəldə ibni Ziyadın (lən) yanında cəmi əlli nəfər adam var idi. Həmin vaxt on səkkiz min adam Müslim ibni Əqilə (r.ə) beyət etmişdi. O vaxt sarayın ətrafında iki min adam var idi. İbni Ziyadın (lən) yanında cəmi əlli nəfər adam var idi, amma çox alçaq şəxslər idilər. O əlli nəfər iki min nəfəri yola sala bildi, birini qorxutdu, birinə göz ağartdı, birini işgəncə ilə hədələdi, birini hədiyyə ilə ələ aldı.

Bir tarixi faciə yaşandı. Əlli nəfər alçaq şəxs, iki min insanı yola sala bildi. İbni Ziyad (lən) bir yolla Hanini saraya çəkə bildi, ona işgəncələr verdilər. Camaat bu vəziyyətdən cuşa gəldi, sarayın ətrafına yığıldılar. Bir anlıq ibni Ziyad (lən) qorxdu, Şureyh qaziyə dedi ki, gedib vəziyyəti öyrənsin, əgər Hani sağdırsa, çıxıb camaata desin ki, sağdır. Həlledici mərhələ idi. Şureyh qazi gəlib gördü ki, Hani hələ sağdır. Haninin gözü Şureyh qazini görən kimi, ona mesaj verdi ki, gördüyünü bayıra çıxıb desin.

Şureyh qazinin tam icazə və imkanı da var idi ki, çıxıb onun sağ olduğunu desin və işarə etsin ki, camaatı soruşurdu. Şureyh qazi deyir ki, mən çıxdım, gördüm ki, ibni Ziyadın (lən) casusları ordadır, qorxdum. Alimlər deyir ki, əslində qorxmadı, dünyaya nökər olmağı seçdi.

Məhz bu hissədə Ayətullah Xamenei cənabları buyurur ki, əgər Şureyh qazi çıxıb desəydi ki, Hani qan içərisində öz tərəfdarlarını soruşur, məsələ həll olardı. O vaxt Şureyh qazi bunu etmədi və tarix başqa cür inkişaf etdi. Seçmə insanlar Kufədə vaxtında doğru hərəkət etsəydilər, Kufə, sonradan xəyanət etmiş Kufəyə çevrilməzdi.

Tarixdə adi insanlardan çox umacaq olmayıb. İbni Ziyad (lən) gecə vaxtı atlara süvar olaraq, üzübağlı halda Kufəyə daxil olmuşdu. Camaatdan biri haya bənd oldu ki, bəs guya gələn İmam Hüseyndir (ə). Hamı o gələnin dalınca düşdü. O da heç nə demədi, düz saraya qədər getdi.

Nə tədqiq etdilər, nə araşdırdılar ki, bu gələn kimdir. Avamlar bir cür, seçmə insanlar da başqa cür Kufə müsibətinin əsasını qoydular...

Allah Təala bütün ümməti bu cür azmalardan hifz etsin!

Allahım, bizlərə bu tarixi dərsləri öyrənib, onlardan nəticələr çıxarmağı nəsib et!

Allahım, bizlərə İmam Hüseyn (ə) məktəbində gözəllikləri görüb, həyatımızda tətbiq etməyi inayət et!

Allahım, aqibətimizi Hüseyni et! Amin!

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof

Milli.Az