Qara dəlik üçün "Oskar" verdilər

7 Sentyabr 2019 17:18

Event Horizon Telescope layihəsinin bir qrup alimi fundamental fizika sahəsində "elmi Oskar" sayılan Breakthrough Prize mükafatına layiq görülüb.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, mükafatı onlara qara dəliyin ilk şəklinə görə təqdim ediblər. 

Astronomlar qara dəliyin "kölgəsi"nin - şüalanmanın fonundakı tünd hissənin şəklini çəkməyə müvəffəq olublar. Bu obyekt Yerdən 53 milyon işıq ili aralıda, M87 qalaktikasının mərkəzində yerləşir.

Event Horizon Telescope-a Antarktika, Çili, Meksika, ABŞ və İspaniyada yerləşən səkkiz rəsədxana daxildir. Astronom Maykl Bremerin dediyinə görə, onlar birlikdə diametri 10 min km olan bir teleskop kimi fəaliyyət göstərir. Bu, alınan şəkillərin dərinliyini və detallaşdırma dərəcəsini dəfələrlə artırmağa imkan verir. 

​Alimlər bu kəşflərinə görə 3 milyon dollar alacaqlar. Bu vəsait isə layihəyə daxil olan 347 mütəxəssis arasında bölüşdürüləcək. Layihənin özü isə 28 milyon dollara başa gəlib.

Breakthrough Prize mükafatı 2012-ci ildə rusiyalı sərmayədar Yuri Milner, Facebook-un banisi Mark Zukerberq və Google-un yaradıcısı Sergey Brin tərəfindən yaradılıb. Mükafat fondu dünyada ən böyük sayılır və  mükafatlar fizika, riyaziyyat və həyat barədə elm sahələrində edilən kəşflərə görə verilir.

Milli.Az