Dünyanın gedişatını dəyişən azərbaycanlı - 10 fakt

6 Sentyabr 2019 20:24

Bu gün dünya şöhrətli azərbaycanlı alim, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin (əsl adı Lütfəli Ələsgərzadə) anım günüdür.

Milli.Az Kult.az-a istinadən Lütfi Zadə ilə bağlı 10 faktı təqdim edir:

1. Lütfi Zadə 1921-ci ilin 4 fevralında Bakının Novxanı kəndində, Rəhim Ələsgərzadə və yəhudi əsilli rus uşaq həkimi Feyqa (Fanya) Moiseyevna Koremanın ailəsində dünyaya gəlib.

2. 1932-ci ildə Sovet İttifaqının İran vətəndaşı olan azərbaycanlılarla bağlı qəbul etdiyi qərara görə, onlar ya Sovet Azərbaycanında qalıb buranın vətəndaşlığını qəbul etməli, ya da ölkəni dərhal tərk edib getməli idilər. Ələsgərzadələr ailəsi İrana getmək qərarına gəlib.

3. Lütfizadə ilk təhsilini Bakıda, orta təhsilini İranda, alıb. O, Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsində, ABŞ-ın Massaçusets Texnologiya İnstitutunda təhsil alıb. Lütfi Zadə həmçinin Kolumbiya Universitetində elektron mühəndisliyi üzrə magistr, 1957-ci ildə isə professor dərəcəsi alıb, Kaliforniyanın Berkli Universitetinin professoru olub.

4. Bu gün dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Ona dünya şöhrəti qazandıran, dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir.

5. Lütfi Zadə müsahibələrinin birində paparatsilər kimi məşhur insanları çəkməyi sevdiyini deyib. Onların arasında ABŞ-ın sabiq prezidentləri Nikson və Trumen də olub. Ümumilikdə isə Rostropoviç, Qalina Vişnevskaya, Svyatoslav Rixter kimi 50-yə yaxın tanınmış şəxsin fotosunu çəkib.

6. Bu gün Yaponiyanın "Mitsubishi", "Toshiba", "Sony", "Canon", "Nissan", "Honda" və ABŞ-ın "General Motors", "Motorola", "Kodak" və başqa şirkətləri qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanan foto və videokameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi təmizləyicilərinin istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər.

7. Lütfi Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafata - "Honda" mükafatına layiq görülüb. O, həmçinin, 2013-cü ildə İspaniyanın Madrid şəhərində BBVA (Banco Bilbao Vizcaya Argentaria, S.A.) fondu tərəfindən 400 min avro ilə mükafatlandırılıb.

8. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) Lütfi Zadənin məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarə olunma və müşahidə olunma nəzəriyyələrini tətbiq edir.

9. 2016-cı ildə Lütfi Zadənin nəzəriyyəsi əsasında yapon alimləri tərəfindən ilk dəfə olaraq süni-intellektə malik robot hazırlanıb. "Alter" adlı robot Tokiodakı Beynəlxalq Elm Muzeyində sərgilənib.

10. Azərbaycanlı alim 6 sentyabr 2017-ci ildə 97 yaşında ABŞ-ın Kaliforniya ştatında yerli vaxtla səhər saat 7:30-da dünyasını dəyişib. Onun nəşinin ölkəyə gətirilməsi yubandığı üçün 29 sentyabrda I Fəxri Xiyabanda torpağa tapşırılıb.

Bonus: Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alim sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36 mindən çox istinad edilib. Onun ən maraqlı cəhəti elmi böyük pullara qurban verməməsidir. Lütfi Zadə nəzəriyyəsindən yararlanan şirkətlərdən pay sahibliyini tələb etsə idi, dünyanın ən zəngin insanlarından biri olardı. Amma o, kiçik və sadə mənzildə yaşayıb.

Milli.Az