Azərbaycan Premyer Liqasının oyunları "İdman Azərbaycan"da

6 Sentyabr 2019 16:49

Azərbaycan Premyer Liqasının oyunları "İdman Azərbaycan" telekanalında canlı yayımlanacaq.

Milli.Az xəbər verir ki, sportinfo.az saytına daxil olan məlumata əsasən, çempionatın oyunları "CBC Sport"la yanaşı, dövlət televiziyasında da azarkeşlərə canlı təqdim olunacaq.

Dövlət televiziyasının rəhbərliyi artıq bununla bağlı AFFA-ya, şəxsən baş katib Elxan Məmmədova rəsmi şəkildə müraciət edib. Bildirilir ki, televiziya Premyer Liqanın hər turunun bir matçını canlı yayımlamaq istəyir.

Bu barədə saytımıza açıqlama verən AzTV-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov xəbəri təsdiqləyib: "Bəli, AFFA-ya müraciət olunub. Hazırda danışıqlar getdiyi üçün ətraflı məlumat verə bilmərik".

Məlumat üçün deyək ki, ölkə başçısı İlham Əliyevin sərəncamına əsasən, AzTV və "Mədəniyyət" kanalının direktorları rəsmiləşsə də, "İdman Azərbaycan"da hazırda bu vəzifə boş olaraq qalır. Aslanovun bildirdiyinə görə, yaxın vaxtlarda kanalın direktoru vəzifəsinə aydınlıq gətiriləcək.

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, "Mədəniyyat" kanalının baş direktoru isə Ramil Qasımovdur.

Milli.Az