Kapital Bank İT sahəsi üzrə gənc mütəxəssisləri inkişaf etdirir

6 Sentyabr 2019 12:15

Son illər ölkənin bank sektoru rəqəmsallaşmaya, informasiya texnologiyaları sahəsinin inkişafına böyük önəm verir. Artıq bir sıra bank əməliyyatları onlayn qaydada, bankın filiallarına gəlmədən həyata keçirilir. Hazırda əksər qabaqcıl bankların mobil tətbiqləri var ki, bu tətbiqlər vasitəsilə hesabları idarə etmək, pul göndərmək, ödəniş kartı ilə bir sıra əməliyyatlar etmək mümkündür. Bütün bu yeni innovativ həllər müştəri xidməti keyfiyyətinin və rahatlığının artırılmasına yönəldilib.

İnkişaf edən və dəyişkən bazar mühiti ilə ayaqlaşmaq üçün daim yeni funksiyalar, qabaqcıl texniki yeniliklər təqdim etmək zəruridir. Lakin bütün bu sadalananları həyata keçirmək üçün güclü komandaya, bilikli texniki heyətə və proqramçılara böyük ehtiyac vardır.

Təbii ki, müasir tendensiyalardan ölkənin birinci bankı olan Kapital Bank da geridə qalmır. Bunun üçün də Kapital Bank-da artıq bir neçə ildir ki, müxtəlif təcrübə proqramları keçirilir və yeni-yeni mütəxəssislərin yetişdirilməsi üçün çox böyük işlər görülür. Məlumat xidməti, bankdakı əməliyyatçılar, kredit inspektorları, hətta təqaüdçü könüllüllərlə yanaşı Kapital Bank-da informasiya texnologiyaları, proqramlaşma, bank sistemləri sahəsində də təcrübə proqramları həyata keçirilir və sonda ən yaxşılar seçilərək, işlə təmin olunurlar.

İnformasiya texnologiyaları sahəsində keçirilən təcrübə proqramları barədə daha ətraflı məlumat əldə etmək üçün Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı Nahid Zeynalovla danışdıq. Onun dediyinə görə təcrübə proqramları 2018-ci ildən etibarən keçirilir və hazırda da davam edir. " Ötən ildən başlayaraq gənclər üçün müxtəlif təcrübə proqramları təşkil edirik. Son zamanlar həm banklarda, həm də digər sahələrdə ən geniş yayılan və gənclərin maraq göstərdiyi istiqamət informasiya texnologiyalarıdır. Hər zaman gəncləri və təhsil layihələrini dəstəkləyən Kapital Bank, İT sahəsi üzrə də təcrübə proqramları təşkil edir və sonda ən yaxşıları işlə təmin olunur", - deyə N. Zeynalov bildirib.

Bəs indiyədək keçirilən proqramlarda neçə gənc işlə təmin olunub? Bu sualın cavabını da Nahid Zeynalovdan öyrənə bildik: "Layihə çərçivəsində ölkənin bir sıra ali məktəblərinin (ADA, UNEC, ADNSU və s.) 3-cü və 4-cü kurs tələbələrini təcrübəyə dəvət etdik. 60 nəfərədək gənc bizə müraciət etdi. Nəticədə 20 nəfərdən ibarət bir qrup yığıldı. Onlar 2-3 ay ərzində təcrübə keçdilər. Özünü yaxşı göstərən 12 tələbəni yarım ştat formada işə götürürük. Məvacib verməklə yanaşı həmçinin ödənişli əsasla təhsil alan tələbələrin illik pulu da Kapital Bank tərəfindən ödənilir. Yox əgər əməkdaş ödənişsiz əsasda təhsil alırsa, bu zaman həmin vəsait əməkdaşın inkişafına, təlim ehtiyaclarına sərf
olunur. Ali məktəbi bitirdikdən sonra isə tələbələr tam olaraq işə qəbul olunacaqlar", - deyə, Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı dedi.

Kapital Bank-ın İnformasiya Sistemlərinin İnkişafı departamentinin rəhbəri Fərid Səmədov öz növbəsində bildirib ki, ilkin olaraq tələbələrin bilik və bacarıqları yoxlanılıb, sonra isə onlar bir neçə qrupa bölünüb: "Biz seçilən tələbələri əvvəlcə sınaqdan keçirdik və onları müvafiq qruplara böldük. Həmin qruplara tərəfimizdən mentorlar təyin edildi və tələbələr real layihələrə cəlb olundu. Təbii ki, onların nəzəri bilikləri var idi, amma ilk olaraq Kapital Bank-da təcrübə keçib, real layihələrdə "özlərini göstərmək" şansı əldə etdilər. Hazırda biz onlar üçün müxtəlif treninq və seminarlar təşkil edirik. Əminəm ki, təcrübə proqramında olanların hər biri gələcəkdə uğurlu və peşəkar mütəxəssis olacaq", -
deyə, F. Səmədov dedi.

Ali məktəbdə təhsil almaqla paralel artıq bankda işləyən tələbələrin də fikirlərini öyrənmək maraqlı olardı. Bu səbəbdən də tələbələrlə görüşüb, onların da fikirlərini və gələcək planlarını öyrəndik.
Valeh Əsədov - Android developer: "Hər zaman böyük şirkətin İT sahəsində işləməyi arzulayırdım. Tanışlarımdan Kapital Bank-da olan təcrübə proqramı barədə eşitdim və özümü sınamaq qərarına gəldim. Seçim mərhələsində də, imtahan zamanı da hamıdan üstün olacağıma söz vermişdim. Şadam ki, hazırda ölkənin birinci bankının əməkdaşıyam".

Lamiyə Əsgərova - Web developer: "Təcrübə proqramına qoşulmaq istəyi yarananda çətin seçim qarşısında qalmışdım. Müraciət etmək üçün bir neçə variantım var idi. Çox götür-qoy etdikdən sonra nəhayət Kapital Bank-a müraciət etmək qərarına gəldim. Burada olan iş mühiti və peşəkar mütəxəssislər seçimimdə yanılmadığımı bir daha sübut etdi".

Kənan Əlizadə - Java developer: "Kapital Bank-a gəlişim təsadüf nəticəsində oldu. Təcrübə zamanı mehriban və gülərüz iş ab-havası mənim xoşuma gəldi və qarşıma məqsəd qoydum ki, mütləq burada işləməliyəm. Aldığım motivasiya sayəsində Kapital Bank-da iş yeri qazandım. Həmçinin arxa ofis əməkdaşlarına rəsmi olaraq sərbəst geyimdə işləmək icazəsinə görə lap xoşbəxtəm".

Qeyd edək ki, Kapital Bank-da təcrübə proqramı artıq ənənəvi olaraq hər il keçirilir. Hazırda Kapital Bank-da İT sahəsi üzrə təcrübə keçmək mümkündür. Maraqlanan gənclər CV-lərini mövzu hissəsində "İT Könüllü proqramı" yazmaqla [email protected] ünvanına göndərə bilərlər.