Komadan çıxdı, xarici dildə danışmağa başladı
13 Aprel 2010 18:46
Milli.Az xəbər portalı Türkiyənin "Milliyət" qəzetinə istinadən xəbər verir ki, Xorvatiyanın cənubundakı Knin qəsəbəsində yol qəzası baş verib və adı gizli saxlanılan qız koma vəziyyətində xəstəxanaya aparılıb. O, 24 saatdan sonra komadan çıxıb. Amma qız xorvat dilini başa düşməməyə və almanca ana dili kimi danışmağa başllayıb.
Ailəsi bildirib ki, qızları bir müddət əvvəl alman dilini öyrənməyə başlayıb və qəzayadək bu dildə yalnız bir neçə cümlə bilirmiş. Xəstəxananın baş həkimi Djomir Marasoviç isə baş verən hadisəyə izah tapa bilmədiklərini deyib. Onun sözlərinə görə, həkimlər 24 saatlıq komanın beynin dillə bağlı sahəsində hansı dəyişikliklərə səbəb olduğunu anlamağa çalışırlar. Bu məqsədlə Almaniyadan da alimlər dəvət olunub. Xəstəxananın psixiatrı Mijo Milaş isə şahidi olduqları hadisəyə hələlik "möcüzə" deməkdən başqa çarələrinin olmadığını bildirib. Amma onlar məntiqli səbəb tapmağa çalışırlar.
Qızları ana dilində danışa bilməyən ailə isə alman dili tərcüməçisinin xidmətindən istifadə etmək məcburiyyətindədir...
Milli.Az