Azərbaycan, Gürcüstan və Rumıniya arasında memorandum imzalanıb
13 Aprel 2010 17:11
Bu barədə çərşənbə axşamı ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Rumıniyadakı nümayəndəliyindən bildiriblər. Nümayəndəliyin məlumatına görə, sənədi Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, Rumıniyanın iqtisadiyyat, ticarət və biznes mühiti naziri Adrian Videanu və Gürcüstanın energetika naziri Aleksandr Xetaquri imzalayıb.
Bu layihə biri Gürcüstanda, digəri Rumıniyada olmaqla, maye qaz üçün iki terminalının inşasını nəzərdə tutur. İlkin məlumatlara əsasən, layihənin dəyəri 4-6 milyard avro təşkil edir.
Sözügedən layihənin həyata keçirilməsinə dair memorandum Gürcüstan və Rumıniya arasında 2009-cu ilin oktyabrında, Azərbaycan və Rumıniya arasında isə bu ilin əvvəlində imzalanıb. Layihə ümumi memorandumun imzalanması üçün işçi qrupunun yaradılmasını nəzərdə tutub.
Bu gün Gürcüstanın Qara dəniz sahilində (ARDNŞ Kulevidə neft terminalına sahibdir) Azərbaycan qazının emalı üzrə terminalın inşası və qazın Avropanın daxili qaz-nəqliyyat şəbəkəsi üzrə gələcək göndərişi üçün Rumıniyaya və ya Bolqarıstana nəqli məsələsi nəzərdən keçirilir. Layihəyə iki istiqamətdə baxılır - LNG və CNG. Birincisi, qazın mayeləşdirilməsi üzrə zavodun inşası, ikincisi, qazın mayeləşdirilməsi üçün bilavasitə gəmiyə çatdırılmasıdır. Bu layihə çərçivəsində söhbət 7-20 milyard kubmetr qazdan gedir.
Bundan əvvəl ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, Azərbaycan qazının Gürcüstanın Qara dəniz sahilindən ixracı layihəsinin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması niyyəti var: "TİƏ-nin hazırlanması bizə daha sərfəli variantı (qazın Qara dəniz vasitəsilə ixracı) müəyyən etməyə imkan verəcək. Bizim bir neçə variantımız var, onların sırasında LNG və CNG ixracı var. Həmçinin, Türkiyə ərazisi ilə tranzit imkanları var. Bu variantların müxtəlifliyi bizə daha düzgün yolu seçməyə imkan verəcək". R.Abdullayevin sözlərinə görə, Rumıniya və Bolqarıstan Qara dəniz vasitəsilə qazın ixracına dair layihənin reallaşmasında maraqlıdır. Hazırda hər iki tərəflə iş aparılır.