İslam ədalətə riayət etməyi tələb edir

24 Avqust 2019 19:10

İslam dini övladlar, həyat yoldaşları, işçilər arasında ədalətə riayət etməyi tələb edir. Bu ədalət bərabərlik deməkdirmi?

Həqiqətən, İslam dini həyatın bütün sahələrində ədalətə riayət etməyi tələb edir. İnsan həm özünə, həm ətrafdakı yaxın və uzaq insanlara, hətta cansız əşyalara münasibətdə də ədaləti qorumalıdır. Bəziləri yanlış olaraq, ədaləti eynilik və bərabərlik kimi anlayırlar. Halbuki, ədalət bundan daha yüksək bir anlayışdır. Ədalət - hər şeyə (hər kəsə) məhz layiq olduğu münasibəti göstərmək, necə deyərlər, hər şeyi öz yerinə qoymaqdır.

Milli.Az islam.az-a istinadən bildirir ki, layiq olduğundan əskik və həmçinin, layiq olduğundan yüksək münasibət zülm deməkdir. Ətrafdakı insanlarla davranışda da məhz bu mənada ədalət icra olunmalıdır. Məsələn, işçilərə qarşı ədalətli olmaq heç də onların hamısına eyni məbləğdə maaş vermək, hamısını eyni cür mükafatlandırmaq, hamısına eyni güzəştləri şamil etmək mənası vermir. Hər kəs öz bacarığına, imkanlarına, şəxsi və ictimai keyfiyyətlərinə görə müəyyən münasibətə layiqdir. Müsəlman məhz həmin münasibət növünü düzgün seçməli və tətbiq etməlidir. Əlbəttə, burada hüququi məsələlər qarışdırılmamalıdır. Bəzi hüquqlar baxımından bütün insanlar bərabər və eynidirlər. Lakin bu eynilik bütün hüquqlara və bütün sahələrə şamil deyil.

Milli.Az