Quranın bizə tanıtdırdığı hegemonlar

24 Avqust 2019 22:20

Tarix boyu təkəbbürlü və hegemonluq edən insanlar olmuşdur ki, özlərini hamıdan üstün bilmiş və dünyanın onların ətrafında fırlanmasını istəmişdilər.

Bu hegemonlardan biri də Firon olmuşdur ki, Quran onun dili ilə buyurur: "Firon dedi: "Ey ölkə başçıları, mən sizin üçün özümdən başqa bir tanrı tanımıram"". ("Qəsəs" 38). O zaman ki, sehrbazlar Musaya (ə) iman gətirir, qəzəblənib deyir: "Firon dedi: "Mən sizə icazə verməmişdən qabaq ona iman gətirdiniz?"". ("Əraf" 123).

Firon istəyirdi ki, heç kəs ondan icazəsiz başqa əqidəyə iman gətirməsin. Bu gün həmin fironlardan müasir dövrdə görmək olur ki, onlar da dünyanın siyasi və iqtisadi mehvəri olmağa çalışırlar. (Həvzəh)

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu kimi hegemonlar bəzən qüdrətlərini nümayiş etdirmək üçün bir dəstə insanı və ya bir ölkəni məhv edirlər. Necə ki, Nəmrud Həzrət İbrahimə (ə) demişdi: "Mən (də) dirildirəm və öldürürəm (iki məhkumdan birini azad edir, digərini isə öldürürəm)". ("Bəqərə" 258). Bu insanlar bəzən malik olduqları nemətləri insanların gözündə böyütmək istəyirlər. Necə ki, Firon demişdi: "Firon öz qövmünün arasında səsini ucaldaraq dedi: "Ey mənim qövmüm! Məgər Misirin hökmranlığı mənə məxsus deyil və bu çaylar mənim altımdan (saraylarımın altından və mənim istəyimə tabe olaraq) axmırlar? Məgər görmürsünüz?!"". ("Zuxruf" 51).

Hegemonluq edən bu insanlar bəzən başqalarını ona təslim olmağa vadar edərlər. Firon, Musaya (ə) iman gətirmiş sehrbazlara deyir: "Həqiqətən, mütləq sizin əllərinizi və ayaqlarınızı çarpazvari (birini sağdan, birini soldan) kəsəcək, sonra isə şübhəsiz, sizin hamınızı dar ağacından asacağam". ("Əraf" 124).

Bu təkəbbürlü insanlar bəzən lovğalanaraq, sadəlöv insanları özlərinə məftun edirlər. Qarun küçələrdə elə yol gedirdi ki, insanları dünyapərəstliyə təşviq edirdi. "(Bir gün Qarun) şəxsi zinət və ehtişamı içində öz qövmünün qarşısına çıxdı. Dünya həyatını istəyənlər dedilər: "Kaş Qaruna verilən qazanc bizə də veriləydi! Həqiqətən, o, (dünyada) böyük bir qazanc sahibidir"". ("Qəsəs" 79).

Ağalıq edən bu insanlar başqalarını tamahlandıraraq fikirlərini satın almaq istəyərlər. Firon sehrbazlara deyir: "Və sehrbazlar Fironun yanına gələrək dedilər: "Əgər biz qalib gəlsək, bizim üçün mütləq mühüm bir muzd olacaqmı?". Dedi: "Bəli, şübhəsiz (saray sahibinə) yaxınlardan olacaqsınız"". ("Əraf" 113-114).

Hegemonluq edən bu insanlar bəzən səfərə çıxaraq, başqalarının qəlbini titrədərlər. "Küfr edənlərin şəhərlərdə (imkanla, mənfəəttələbcəsinə və qalib halda) hərəkət və get-gəlləri səni aldatmasın!". ("Ali-İmran" 196).

Onlar bəzən başqalarını təhqir edər və peyğəmbərlərin (ə) tərəfdarlarına nalayiq sözlər deyərlər. "Dedilər: "Sənə ən rəzil adamlar tabe olduğu halda, biz sənəmi iman gətirək?"". ("Şuəra" 111).

Bəzən uca binalar və saraylar tikərək, ürəkləri oğurlayarlar. Firon vəzirinə deyir: "Firon dedi: "Ey Haman, mənim üçün çox uca bir bina tik, bəlkə (onun qülləsindən müşahidələr aparmaqla) müəyyən vasitələr əldə etdim". ("Ğafir" 36).

Həqiqətən, Quranın bu misalları necə də canlıdır və ağalıq edən bu insanların pis rəftarını və xasiyyətini elə təsvir edir ki, bu günün hegemonları ilə uyğun gəlir.

Milli.Az