Honq Konqun lideri etirazçılarla dialoqa hazır olduğunu bildirib

20 Avqust 2019 20:14

Honq Konq lideri hökumət əleyhinə aylarla davam edən etirazlardan sonra fikir ayrılıqlarına son qoymaq üçün dinc aksiyalara qatılan insanlarla dialoqa başlamağa hazır olduğunu bildirib.

Karri Lam çərşənbə axşamı etirazların səbəbləri və polisin reaksiyasına dair araşdırmalar aparılacağını deyib. Onun sözlərinə görə, hökumət vətəndaşların narahatlıqlarına fərdi qaydada baxacaq. ​

"Biz müxtəlif təbəqələrdən olan insanlarla dialoqa başlayacağıq. Biz bunu səmimi və təvazökar şəkildə etmək istəyirik. Mən və mənim idarəmdəki yüksək vəzifəli rəsmilər insanları dinləməyə qərarlıyıq. Ən qısa müddətdə ictimaiyyətlə əlaqə qurmaq istəyirik" - deyə, Karri Lam bildirib.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, bununla belə, Lamın açıqlamaları etirazçıların onun istefası və polisin törətdiyi vəhşiliklərlə bağlı müstəqil araşdırma aparılması ilə bağlı tələblərinə cavab verməyib.

Demokratiya fəalları bundan əvvəl zorakılıqla müşayiət olan etirazlardan fərqli olaraq bazar günü genişmiqyaslı dinc nümyiş keçirıb. On minlərlə insan yağışlı havada hökumət əleyhinə küçələrə çıxıb.

Bu, nümayişçilərin öz narahatlıqarını bildirmək üçün küçələrə çıxdığı 11-ci həftə sonu olub.

Milli.Az