SOCAR və "Petrofac"ın birgə müəssisəsi Azərbaycanda mühəndis-texniki xidmətlər göstərəcək

19 Avqust 2019 15:57

Böyük Britaniyanın "Petrofac" şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən yaradılmış birgə müəssisə Azərbaycanda "Total" (Fransa) və SOCAR-ın kəşfiyyat və hasilat fəaliyyətinə dəstək üçün mühəndis və texniki xidmətlər üzrə müqavilə əldə edib.

Milli.Az xəbər verir ki, Trend bu barədə "Petrofac"a istinadən məlumat verir.

Qeyd olunur ki, müqavilə 12 aylıq müddəti əhatə edir:

"Uzatma imkanı olan müqavilə Xəzər dənizində, Bakıdan 100 kilometr cənubda yerləşən "Abşeron" qaz yatağında birgə müəssisənin fəaliyyətini dəstəkləyəcək".

"Petrofac"ın şərq bölməsinin idarəedici direktoru Mani Racapati bildirib ki, bu müqavilə Xəzər regionunda şirkətin mövcudluğunu daha da möhkəmləndirəcək.

Milli.Az