İspaniyanın 13 universiteti Şanxay reytinqində yer alıb

19 Avqust 2019 18:04

Dünya universitetlərinin Şanxay reytinqinə ( Academic Ranking of World Universities - ARWU) müvafiq olaraq, 2019-cu ildə İspaniya öz ali məktəblərinin mövqelərini ötən illə müqayisədə yüksəldib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təhsil keyfiyyətinin artırılmasına yönəldilmiş "ARWU-2019" reytinqi bu həftə açıqlanıb.

Dünya ekspertlərinin çoxunun fikrincə, belə təsnifatın nəticələri şübhə doğurmur.

Reytinqdə yer alan 500 ali məktəb sırasına İspaniyanın 13 universiteti (ötən il 10) daxil olub.

Reytinq xaricdə təhsil almaq üçün təqaüd almış Çin alimlərinin özlərinə universitet seçmələri üçün 2003-cü ildə yaradılıb.

Dünya universitetlərinin akademik reytinqində kampuslar mövqe aralıqları üzrə çeşidlənir. Məsələn, 2019-cu ildə Barselona Universiteti 150 və 200 mövqelər arasında yerləşən yeganə İspaniya universiteti olub. Madridin "Complutense" Universiteti, Qranada və Valensiya universitetləri 200 və 300 mövqeləri, Madrid Avtonom Universiteti və Barselonanın "Pompeu Fabra" Universiteti 300 və 400 mövqeləri, Valensiya Politexnik Universiteti, Ovyedo, Sevilya, Balear adaları, Basklar Ölkəsi və Saraqosa universitetləri 400 və 500 mövqeləri arasında qərarlaşıb.

Bu il İspaniya universitetlərinin mövqelərinin yaxşılaşmasına baxmayaraq, onlar idealdan uzaqdır. Dünyanın 20 ən yaxşı universitetindən 17-si Amerikadadır. İlk iki cərgədə Harvard və Stenford universitetlərinin yerləşdiyi bu siyahıya Amerika liderlik edir. 20 ən yaxşı universitet olimpində Britaniyanın 3 ali təhsil mərkəzi də yer alıb: Kembric, Oksford və London Universitet Kolleci. Bu universitetlərin hamısı dövlət və sponsorlar tərəfindən maliyyələşdirilir. Harvard tələbələrinin hər birinə ildə 150 min avro sərmayə yatırılır.

İspaniya universitetlərinin baş katibi Manuel Pinarron qeyd edib ki, İspaniyanın reytinqdə yer alan bütün universitetləri dövlətə məxsusdur. Deməli, belə ali məktəbdə təhsilin keyfiyyəti şübhə doğurmur.

İspaniyada 47 dövlət universiteti var. Burada yalnız əyani oxumaq olar. ARWU-ya görə, onların 38-i 1000 ən yaxşı kampus sırasındadır.

İspaniya ekspertləri xatırladırlar ki, maliyyələşdirmə azaldığına görə (2010-cu ildən 2018-ci ilə qədər 9,5 milyard avro) bu sahədə tərəqqiyə nail olmaq o qədər də asan deyil. Beləliklə, əvvəllər ümumi dövlət xərclərinin 2,15 faizini alan İspaniya universitetləri indi cəmi 1,6 faizini alır. Bundan əlavə, İspaniya universitetləri vəsait çatışmazlığından əziyyət çəkir. Bu da tədqiqat qruplarını beynəlxalq vəsaitlər axtarmağa sövq edir.

Milli.Az