Cəhənnəm danışa bilirmi?

20 Avqust 2019 23:40

Bəzi Quran ayələrindən belə nəticə çıxartmaq olur ki, cəhənnəmin və axirət atəşinin şüuru vardır. İnsanları tanıyır və onları çağırır. Günahkarları görən zaman qəzəblənir və Allaha deyir: "Mənim əhlimi çoxalt!". (Tebyan)

"(Həmin yandıran od) uzaqdan onları görəndə, onlar (kafirlər) onun hiddət və qəzəb nərəsini və şölələrinin səsini eşidərlər". ("Furqan" 12). Bu ayədə cəhənnəmin necə qəzəbləndiyinin və naləsinin şahidi oluruq. Yəni, cəhənnəm atəşi günahkarı görən kimi qəzəblənir və fəryad çəkir.

"Əl-Mizan"da bu ayənin təfsirində yazılır: "Atəş onları görür dedikdə, atəşin onların halına olan nisbətinin təmsili nəzərdə tutulur. Qiyamət günü onun qarşısında qərar tutan zaman, şir öz ovunu görəndəki kimi həmhəmə edər".

"Və (yada sal) o zaman(ı) ki, Biz Cəhənnəmə deyərik: "Doldun?" Və (axirət aləminin tərkib hissələri şüura və danışma qabiliyyətinə malik olduğu üçün) o, deyər: "Daha artıq varmı?" (Yəni, yenə yerim var və ya yerim yoxdur)". ("Qaf" 30).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu ayə isə cəhənnəmin danışdığını bəyan edir. Bu ayə hal dilindən bəhs edir, danışıq dilindən deyil. Bəzi Quran ayələrində oxuyuruq ki, Qiyamət günü insanın əli, ayağı, dərisi danışacaqdır. Yəni, elm və şüur bütün varlıqlara aiddir.

"Məcməül-bəyan"da bu barədə yazılır: "Cəhənnəmim dediklərindən üç nəticə çıxartmaq olar: 1. Onun sözləri təmsil kimi verilmişdir və cəhənnəm öz genişliyinə nisbət verərək deyir ki, hələ dolmamışdır. 2. Allah cəhənnəm üçün danışmaq üzvü xəlq etmişdir və o, cavab verər. Bu ehtimal - uzaq ehtimaldır. Çünki Allah istəyəndə ayaqları, əlləri və dəriləri də danışdırır. 3. Allah bu ayədə cəhənnəm məmurlarına xitab edir, ancaq bu ayədə cəhənnəm kimi göstərilmişdir".

"Belə deyildir, (günahkar nicat tapmaz, əksinə) o, (Cəhənnəm) alovlu dillər çıxan atəşin şöləsidir. Başın və (bədən) üzvlərin(in) dərisini soyandır. (Bu atəş sözlə və dartmaqla) çağırır haqqa hər bir arxa çevirəni və (Allahdan və Onun dəvətindən) üz döndərəni, Və (mal-dövlət) toplayıb qablarında (sandıqda, bankda və anbarda) yığıb saxlayanları". ("Məaric" 15-18).

"Məcməül-bəyan" bu ayə haqqında yazır: "Atəş kafirlərdən heç birini tərk etməz. Sanki onları çağırır. Cəhənnəm məmurları onları çağırar".

"Rəbbinə kafir olanlar üçün Cəhənnəm əzabı vardır və (ora çox) pis dönüş yeridir! Oraya atıldıqları zaman onun daim qaynamaqda və coşmaqda olan ürək qopardan uğultusunu eşidərlər. Az qala qəzəbin şiddətindən parça-parça olsun; hər hansı bir dəstə oraya atıldıqları zaman gözətçilər onlardan soruşarlar: "Məgər (dünyada) sizə bir qorxudan (peyğəmbər) gəlməmişdimi?". ("Mulk" 6-8). Yəni, cəhənnəm qəzəbinin şiddətindən parça-parça olmaq istəyər. Bu da atəşin şüurlu olmasına dəlalət edir.

"Onlar öz (bədənlərinin günahda birbaşa iştirak etmiş) dərilərinə deyərlər: "Nə üçün bizim əleyhimizə şəhadət verdiniz?". (Dəriləri) deyərlər: "Bizi hər şeyi (bütün danışanları) dilə gətirən Allah danışdırdı. Sizin hamınızı ilk dəfə O, yaradıb və indi (də) Ona tərəf qaytarılırsınız"". ("Fussilət" 21).

Məlum olur ki, Qiyamət günü bütün əşyaların nitqi olacaqdır. Bunun üçün də onların şüura, elmə ehtiyacları vardır. Vacib deyildir ki, onların danışığı dillə olsun, onlar hal dili ilə demək istədiklərini deyərlər.

Milli.Az