Rusiyanın kino tarixində ən bahalı filmlərdən biri

19 Avqust 2019 00:45

Mixail Bulqakovun əsəri əsasında hazırlanan "Master və Marqarita" filminin çəkilişləri 2020-ci ilin payızında başlayacaq. Bu layihə Rusiyada son illərdə çəkilən ən yüksək büdcəli ekran əsərlərindən biridir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Kalininqradda keçirilən "Qısa" adlı qısametrajlı film festivalının münsiflər heyətinin üzvü İqor Tolstunov deyib.

"Gələn ilin mart ayından "Master və Marqarita" filminin çəkilişlərinə başlayırıq. Kastinq hələ davam edir. Layihədə əcnəbi aktyorların iştirakı gözlənilir. Filmin büdcəsini elan etməsək də bunun Rusiya kino tarixində ən bahalı film olduğunu söyləyə bilərik", - deyə İ.Tolstunov əlavə edib.

Qeyd edək ki, filmin rejissoru Nikolay Lebedevdir.

Mixail Bulqakovun bu əsəri dəfələrlə ekranlaşdırılıb. Romanın motivləri əsasında ilk film 1971-ci ildə Andjey Vayda tərəfindən çəkilib. Bir ildən sonra Aleksandr Petroviçin ekran əsəri işıq üzü görüb. 1989-cu ildə rejissor Matsey Voytışko dördseriyalı filmini ortaya qoyub. 1994-cü ildə "Master və Marqarita"nı Yuriy Kara ekranlaşdırsa da film müəyyən səbəblər üzündən 17 ildən sonra ekranlara çıxıb. 2005-ci ildə isə Vladimir Bortko öz versiyasını təqdim edib.

Milli.Az