Onu anlamaq müşküldür - Müdriklik üçün iki gözünü verən DAHİ

17 Avqust 2019 10:29

Xorxe Lüis Borxeslə onillər əvvəl, dünyanın ən cansıxıcı, küçələrinə tox kədər hopmuş, insanlarının hər biri sanki yanındakına laqeydlik yükləyən Montsda tanış olmuşdum.

Monts balaca, xətkeşlə çəkilmiş təki küçələrli, evləri evcik kimi olan flamand şəhəridi. Belçikada.

Klassik Avropa ədəbiyyatı ilə böyüyən, çəmənlərin, tarlaların, sübhlərin və alatoranların səxavətli təsvirlərinə, palıdın bəh-bəhinə alışmış biri üçün qəribə, gözlənilməzdi.

"Cənub" novellalar toplusu idi oxuduğum.

Çılpaq süjetdi sadəcə, amma insanın şüuruna gürz kimi vururdu.

Nobel mükafatı vermədilər Borxesə. Çünki 1976-cı ildə Çiliyə, Santyaqo de Çili Katolik Universitetinin doktoru adının təqdimatına yollanmışdı.

Və orada diktator Auqusto Pinoçet yazıçıya Çilinin Bernardo O-Hiqqins ordenini vermişdi.

Ol səbəbdən də Borxes layiq olduğu Nobel ədəbiyyat ödülünü almadı, ala bilmədi, vermədilər.

Nə isə...

Borxes dostlar üçün paroldu.

Mənimçün dəyər.

Koelyo və ya Dontsova, Ron Hovard və ya Xalid Hüsseyni oxuyub bəyənən Borxesi anlamaz, anlaya da bilməz.

Borxes "sevilən" yazıçılar təki kütlə sevgisinin terabaytları altında gömülə də bilməz.

Nədən ki, kütlə sevgisi oxucuda tənqid bacarığını "off" moduna keçirir.

Montsda anladım ki, don Xorxenin əsərləri gələcəyin nəsridi. Qısa, maksimum sıxılmış, özündə bəşər övladının indiyədək yazdığı, İcildən tutmuş Coysun "Ulissi"nədək hər nəsnəni sıxmış hekayə.

Onun hekayələri cibə qoyulmuş dünyadı.

Mütailə üçün mümkün vaxtımız zaman keçdikcə azalır, hekayə isə janr kimi təpiklənib atılıb bir küncə. Fəqət, "indi öləcək, sabah öləcək" təxminlərinə rəğmən, romanlarsa hələ də nəşriyyatlar, çap evləri və saytlar üçün əsas ədəbi janr, çörəkdi.

Borxesə hazırlıqlı oxucu gərəkdi. O, səviyyəni çox yuxarı tutur və bu səbəbdən Averroes, tetraqrammaton, Kevedo, Parasels, Ponso de Leon, Kubla xan barədə heç nə bilməyən oxucuları özündən kənarlaşdırır.

Ən əsası isə Borxesi tələsik oxumaq mümkün deyil. Problem tənbəl diqqətdi.

Əgər 20 il əvvəl 10 orijinal filmin payına bir rimeyk, sikvel və ya prikvel düşürdüsə, indi vəziyyət tam dəyişib. Seriallar sürətlə artır.

Orta statistik insan üçün də qəhrəmanları bir dəfə yadda saxlamaq, sonra da onları hər biri 12 seriyadan ibarət 8 mövsüm izləmək daha asandı, nəinki hər hekayəni əvvəldən oxumağa başlamağa.

HBO, Hulu və Netflix artıq Hollivuda qalib gəlib, qısa nəsrin mütailəsini ağır işə çevirib.

İnsanlar hekayə oxumağa çətinlik çəkirlər.

Deyirlər ki, Borxesin hər yeni əsəri əvvəlkinə çox bənzəyirmiş.

Yanlışdır.

Bu, Pollok və ya Rotkonu "bir əsəri başqasına bənzəyir" deyərək suçlamaq kimidi. Borxes oxucunun qəlbinə unikal, ən qısa yolu tapıb. Belədisə, niyə imtina eləməliydi ki.

Ok, gəlin düşünək: biri əbədi yaşam cövhəri hazırlayıbsa, oxucuları üçün sadəcə onu hazırlayırsa, nədən bunu təkrarlamamılıdı? Yenilik xatirinə yenilik absurddu.

Məsələn, həmin adamdan babasil mazı hazırlamağı tələb etmək kimi.

Erotik sənət emosiyaları çılğına çevirən kimi, Borxes də rasionu eyni qüvvə ilə vəcdə gətirməyi bacarırdı. Və aydın oldu ki, intellektual həzz heç də vücud həzzindən geri qalmırmış.

Borxeslə başqa yazıçılar arasında paralellər aramaq olar.

Müqayisə edin: Borxesin "Zair"i var - unudulmamaq təki misilsiz məcazı olan bir nəsnə.

Zair 20 sentavoluq xırda puldu. Pələngin adı Zahirdi. dindarların daşqalaq etdyi, Surakatdakı məsciddən olan kor da Zahirdi. Nadir şahın dəryaya atmağı əmr etdiyi üstürlabın adı da Zahirdi. Mehdinin həbsxanasında isə o, kiçik, əmmaməyə bükülmüş kompasdı.

Kordova məscidində isə Zahir 1200 sütundan birindəki mərmər naxışdı.

Tetuanın yəhudi məhəlləsindəsə quyunun dibi...

Redyard Kiplinqdə "İona" var. Bədbəxtlik və bəla gətirən hər şey. Kişi və ya oğlan, hətta vedrə də İona lla bilər. İspaniyada "iona" adlı qəssab bıçağı gördüm.

İonalar müxtəlif olur. Cimmi Berq batana qədər iona idi. Acından ölsəm də, onun qayığında üzməzdim.

Başqa gəmidə isə iona yaşıl qayıqdı. ən pis iona. Həmin iona ucbatından dörd balıqçı batdı. Gecələr də parıldayırdı.

Dünya ədəbiyyatında Borxesin "övladı" Milorad Paviçdi. "Xəzər lüğət"ində Borxesə o qədər nəzirə var ki...

Bir də "Qızılgülün adı" ilə Umberto Eko.

Qabriel Markes, Xulio Kortasar və Xorxe Borxesi birləşdirən sadəcə, ispan dilidi.

Onların oxucuları tam fərqlidi.

Kortasarı qadınlar, ağıllı Borxesi kişilər sevir.

Borxes əslində Qriffindordusa, Markes - Koqtevran, Kortasar isə Puffenduydu.

Borxes müdriklik bulağından içmək imkanı üçün gözünü Mimiraya verən Odinin taleyini təkrarlayır. Fəqət, Borxes Odini üstələyir, çünki müdriklik üçün iki gözünü də verib.

Oxucunun tənbəl krossvord şüuru səbəbindən bir sırada qoyduğu Markes və ya Kortasar deyil Borxes.

Xorxe Borxesin nəsrinin unikal fəlsəfi sistemi var. Bariz misal - "Akoprifik İncilin fraqmentləri"di.

Tanışınızı yoxlamaq üçün bu əsəri verin ona, oxusun və xahiş edin ki, orada üç ən vacib saydığı məqamı söyləsin.

Söyləsə, o adam barədə çox şey biləcəksiniz.

Hə, son olaraq bir təvəqqem: Borxesi anlamaq istəsəniz, əfsanəvi argentinalı Alvaro Pyassolanın əsərlərinin heç olmasa bir neçəsini dinləyin. Məsələn, "Libertanqo"nu.

Ferents List 19-cu əsrdə rapsodiya və simfonik poema kimi yeni instrumental janrlar yaratmışdısa, Borxes Argentinanı diriltdi.

O, argentinalıların milli qürurudu.

Çünki...

Çünki Buenos-Ayresi dünyanın ədəbiyyat xəritəsinə saldı.

Çünki Latın Ameriksını klassik əyalət kompleksindən qurtardı.

Dahi Astor da Borxesi bu səbəbdən sevir, onun əsərlərinə fenomenal musiqisini bəstələyirdi.

"Ayrılan cığırlar bağı"nı da oxuyun.

Minotavrla İkarın fərqini anlamaq, özünüzü kənardan görmək üçün...

Milli.Az