"Rok-n-roll kralı"nın xatirəsi anılır

16 Avqust 2019 16:09

Bu gün bütün dünyada əfsanəvi "rok-n-roll kralı" Elvis Preslinin xatirəsi anılır. Musiqisevərlərin qəlbində dərin iz qoymuş müğənni 42 il əvvəl - avqustun 16-da vəfat edib. O, albomlarının satışı 1 milyardı ötən yeganə müğənni olaraq tarixdə qalır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dünyaşöhrətli müğənni 1935-ci il yanvar ayının 8-də ABŞ-ın Missisipi ştatının Tyüpelo şəhərində dünyaya gəlib. Onun ailəsi yoxsulluq içində yaşayıb. Ailənin vəziyyəti onun atasının həbsindən sonra daha da ağırlaşıb. Uşaqlıqdan musiqi və din Elvisin ruhuna hakim kəsilib, kilsəyə baş çəkmək və kilsə xorunda oxumaq onun üçün yerinə yetirilməsi vacib həyati qanunlardan biri olub. O, 1954-cü ilin iyununda Sem Fillips Sun Records üçün bir neçə mahnı yazıb və tanıdığı gitaraçı Skotti Muru və kontrabasçı Bill Bleyki studiyaya dəvət edib. Vokalçı axtararkən Sem öz katibinin məsləhəti ilə Elvis Preslini sınaqdan keçirmək qərarına gəlib. Əvvəlcə ürəkaçan heç bir şey alınmayıb. Bununla belə studiyada beş həftə ərzində məşqlər davam edir. İyulun 5-də musiqiçilər "I Love You Because" balladasının yazılışından sonrakı fasilə zamanı "Thats All Right (Mama)" mahnısını ifa etməyə başlayıblar. Bu, Artur Krudapın blüz janrında kompozisiyası idi. Amma Presli, Mur və Blek onu tamamilə fərqli bir tərzdə ifa edirlər. Studiyada olan Fillips musiqiçilərdən ifa etdikləri bu mahnı ilə maraqlanıb. Onlar etiraf ediblər ki, heç özləri də nə ifa etdiklərini bilmirlər. Fillips onların mahnını yenidən ifa etmələrini istəyib və onu vala yazıb. Bunun ardınca eynilə bu cür ifada Bill Monronun "Blue Moon Of Kentucky" hiti vala köçürülüb. Bununla da Sem Fillipsin və Preslinin özünün dayanmadan axtardıqları həmin musiqi yaranır.

Elvis Preslinin musiqidəki uğurları onun qarşısında Hollivudun yollarını açıb. Tom Parker yubanmadan bu fürsətdən istifadə edib və 20th Century Fox və Paramount studiyaları ilə müqavilələr imzalayıb. Preslinin iştirakı ilə lentə alınan ilk film 1956-cı ildə istehsal edilən "Məni nəvazişlə Sev" ekran əsəri olub. Bu filmdə Presli ikinci dərəcəli rol oynayırdı və yalnız dörd qısa mahnı ifa edirdi. Amma film nümayiş olunan həftə milyonlarla tamaşaçı məhz ona tamaşa etmək üçün kinoteatrlara axışırdı. Elvisin aktyor olmaq arzusu axır ki, gerçəkləşir. 1957-ci ildə kommersiya uğuru qazanan daha iki film - "Səni Sevmək" və "Həbsxana Taleyi" ekranlara çıxır.

Daxilən Presli öz bütləri - Ceyms Din və Marlon Brandonun dramatik rollarına bənzər rollarda çəkilməyə can atırdı. Amma bir musiqiçi kimi onun uğurları məhz müğənni istedadı ilə bağlı olub. Preslinin ilk filmlərinin mahnıları yüksək keyfiyyətə malik idi və onun səsyazma studiyalarında yazdırdığı mahnılardan heç də geri qalmırdı. 1957-1959-cu illərdə paralel olaraq müğənninin hit-paradlarda 1-ci yerləri tutan albomları - "Too Much", "All Shook Up", "Dont", "A Big Hunk O Love" və s. işıq üzü görüb.

1977-ci il avqustun 16-da Memfisdəki evində ölü tapılan məşhur müğənninin qəfil vəfatı bugünədək də sirr olaraq qalır.

Milli.Az