Ürək-damar xəstəlikləri, piylənmə, başağrıları, diabet və demensiyadan müdafiə edir

19 Avqust 2019 23:25

Kolorado Universitetini təmsil edən alimlər qəhvənin ürək-damar sisteminə təsirindən danışıblar. Mütəxəssislər bundan ötrü populyar içkinin təsiri barədə üç iri tədqiqatı təhlil ediblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, elmi işin müəlliflərindən biri olan doktor Laura Stivensin sözlərinə görə, hər üç tədqiqatda diqqət qəhvənin ürək-damar sistemi xəstəliklərinin yaranması riski ilə bağlılığına yönəldilib. Qəhvə ağacının dənlərindən qovrulmuş və döyülmüş içki ürək çatışmazlığının əmələ gəlməsi ehtimalını 7 faiz və insult riskini 8 faiz azaldır.

Qəhvə insanı artıq çəki toplanması və başağrılarından müdafiə etmək xassəsinə malikdir, öd daşlarının əmələ gəlməsinin qarşısını alır, ikinci tip diabet xəstəliyinin yaranması riskini və demensiya ilə qarşılaşma ehtimalını azaldır. Bu içki Parkinson xəstəliyinin qarşısını da almağa kömək edir. Baş-beyində dofaminin hasil edilməsinə cavabdeh olan neyronların sıradan çıxması nəticəsində xəstəlik inkişaf edir. Qəhvə sayəsində risk 30-60 faiz azalır. Artıq Parkinson xəstəliyi ilə qarşılaşmış insanlar da qəhvə qəbul edə bilər. Makgil Universitetindən olan mütəxəssislərin fikrincə, xəstələr kofeinin köməyi ilə hərəkətlərə daha yaxşı nəzarət edə bilərlər.

Qəhvənin tərkibində təkcə oksidantlar və kofein deyil, həmçinin manqan, kalium, maqnezium, B2, B3, B5 vitaminləri var. Məhsul içkinin tərkibində qalan və orqanizm tərəfindən mənimsənilən qidalandırıcı maddələrə malikdir. Qəhvə dənələri faydalı sellülozla zəngindir.

Qəhvə insan orqanizmi üçün faydalı ola bilər, lakin həddən artıq istifadə olunarsa, o zaman mənfi təsir göstərə bilər. Alimlər bu içkidən orta səviyyədə - sutkada 300 millilitrdən artıq kofeindən (3-4 fincan üyüdülmüş və ya 5 fincan həll olan) istifadə etməməyi məsləhət görürlər. Mütəxəssislər, həmçinin yüksək təzyiq, mədə və sidik kisəsi ilə bağlı problemlər zamanı bu içkidən imtina olunmasını tövsiyə edirlər.

Milli.Az