Acura Type S konseptini nümayiş etdirib - FOTO

22 Avqust 2019 20:01

Acura şirkəti Type S adlı konsept avtomobilini təqdim edərək, eyni adlı "qaynar" modifikasiyaların model xəttinə geri qaytarılacağını bildirib. Konseptin eksteryeri Precision Crafted Performance firma dizayn üslubuna əsaslansa da, Acura ARX-05 Daytona prototipindən alınmış yeni dizayn elementlərini özündə əks etdirir.

Çox güman ki, Acura Type S hərəkət qabiliyyətinə malik olmayan maketdir. Konseptin qara rəngli şüşələri və texniki hissəsi barədə məlumatın olmaması buna işarə edir. Yaponlar yalnız yaxın iki ildə Type S modellərində quraşdırılacaq yeni V6 turbomühərrikinə işarə ediblər.  Konsept isə, əsasən yeni firma üslubunu nümayiş etdirmək vəzifəsini daşıyır.

Milli.Az autograph.az-a istinadən bildirir ki, konseptin xarakterik elementləri növbəti nəsil dördbölməli Jewel Eye LED-fənərləri, torşəkilli radiator barmaqlığı, həmçinin şikana formasında olan gündüz hərəkət isşıqları və arxa fənərlərdir. Sonuncu elementlər Acura ARX-05 Daytona yarış avtomobilindən götürülmüşdür ki, bu da "qaynar" sedan ilə yarış prototipləri arasındakı emosional bağa işarə vurur. Konsept uzun kapota, arxaya çəkilmiş salona və qısaldılmış arxa hissəyə malikdir.

Type S konseptinin kuzovu xüsusi hazırlanmış Double Apex Blue Pearl rənginə boyanmış, karbondan hazırlanmış aerodinamik kuzov dəstinə, 21-düymlük təkər disklərinə və Brembo əyləc mexanizmləri ilə təchiz edilmişdir.

Acura markasının sonuncu "qaynar" modeli 2007-2008-ci illərdə buraxılmış TL Type S sedanı olub. Avtomobil 290 at qüvvəsi hasil edən 3,2 və 3,5-litrlik V6 mühərrikləri ilə təchiz edilirdi. Acura TL Type S idman asqısına, dörd çıxış borusu olan səsboğucu sisteminə, 6-pilləli mexanki qutuya, yüksək sürtünməli differensiala və Brembo əyləc mexanizmlərinə malik idi.

Milli.Az