Təkgöz inqilab məzhəkəsi: Honkonqu kim və niyə qaynadır?

14 Avqust 2019 14:41

Mart ayından bəri Honkonq sakitləşmək bilmir. Şəhərdə on minlərlə insan küçələrə çıxır, polislə toqquşur, hərbçilərlə əlbəyaxa olur. İlk baxışdan paradoksal olan da budur ki, etiraz aksiyaları ötən müddətdə səngimək əvəzinə, daha da böyüyür. Ən qəribə, absurd, əslində təxminlənən və gözlənilən məqam da Azərbaycanın radikal müxalifətinin bu aksiyaları ikiəlli dəstəkləməsidir.

Sosial şəbəkələrdə qarğışa, nifrinə, yalana, böhtana və marazma aludə olan beyinlərin diqtəsi ilə paranoyalar yayan əllər indi az qala "Yanındayıq, Honkonq!" yazırlar.

Halbuki hər şey fərqlidi və heç nə də Qərb mediasının təqdim etdiyi, bizdəki zəkaları geridə olanların da bəh-bəhlə təkrarladıqları kimi deyil.

... Həmişə və hər yerdə olduğu kimi, etirazlara zahiri səbəb yerli hakimiyyət strukturlarının qərarı oldu. İlk baxışdan vacib, gərəkli qərardı: qəddar cinayətkar cəzasını almalıydı.

Bu ilin fevralında honkonqlu gənc ər-arvad Müqəddəs Valentin Gününü qeyd etmək üçün Tayvana yollanmışdılar.

19 yaşıl Çan Tonkay orada 20 yaşlı hamilə xanımı Pun Huivini boğub, sonra cəsədi şaqqalayaraq çemodana yığıb, çemodanı da Tayvanın paytaxtı Taybeydə metro stansiyalarının birinin yaxınlığına atıb. Bundan sonra o, Honkonqa qayıdıb.

Polis təbii ki, P.Huivinin yoxa çıxmasında ilk əvvəl Tonkaydan şübhələnib və o, istintaq zamanı elə ilk ifadəsində hər şeyi etiraf edib.

Di gəl, Honkonqda onu sadəcə, oğurluğa görə həbs edə bildilər, çünki Tonkayın üstündən qətlə yetirdiyi arvadının mobil telefonu və bank kartı çıxmışdı.

Qətl Honkonqdan kənarda baş vermişdi. Honkonqla Tayvan və Çin arasında cinayətkarların ekstradisiyası barədə qanun yoxdur. Rəsmi Pekin ümumiyyətlə, Tayvanı dövlət kimi tanımır, separatçı əyalət sayır.

Belə şəraitdə Honkonqun hakimiyyət dairələri cinayətkarların ekstradisiyası ilə bağlı problemi birdəfəlik həll etmək üçün qanunvericiliyə zəruri dəyişikliklər etdi. Yəni tam məntiqi addım atdı. Fəqət, 1997-ci ildə "bir ölkə - iki sistem" prinsipi ilə, ən geniş muxtariyyət hüquqları saxlanmaqla Çinə birləşdirilən Honkonuq öz muxtar azadlıqlarına həddən ziyadə önəm verən honkonqlular düşündülər ki, bitdi. Bundan sonra onlar məhkəmələrin Honkonqdakı sabiq britan məhkəmələri təki müstəqil olmayan kommunist Çinin sərt və acımasız məhkəmələri qarşısında aciz qalacaqlar.

Honkonq sakinləri hamilə arvadını cəlladcasına qətlə yetirmiş Çan Tonkay üçün ədalətli cəza istəsələr də, hüquqlarına olan təhdid qorxusu onları küçələrə çıxardı.

İlk mitinq martda beləcə, baş tutdu.

... İndi Honkonqun az qala hər küçəsində barrikadalar quraşdırılıb, polislə hər gün toqquşmalar olur, aksiya iştirakçıları polislərə qarşı ən son "müqavimət" texnologiyalarından istifadə edirlər.

Qərb mediası isə həmişəki simasındadır: Honkonqda baş verənlər Ukraynadakı "Avromaydan"la müqayisə olunur.

Əslində nə baş verir?

Honkonq təxminən 150 il Britaniya müstəmləkəsi olub. Bu şəhər uzun illər ərzində Çindən qaçan dissidentlər və miqrantlar arasında populyarlaşıb.

1997-ci ildə şəhər "xüsusi və əlahiddə inzibati rayon" statusu ilə Çinə birləşdirildi.

Bu status formal olaraq Honkonqa müdafiə və xarici siyasət istisna olmaqla, bütün sahələrdə formal da olsa, müstəqillik verirdi.

Etirazlar dörd ay əvvəl başlasa da, ən genişmiqyaslı yürüş iyunun 9-da oldu. Uzunluğu 3 kilometrə çatan yürüş Honkonqun mərkəzində 7 saat davam etmişdi.

Honkonqun icraçı direktoru, yəni meri Kerri Lem iyunun 15-də ekstradisiya ilə bağlı qanun layihəsinin qeyri-müyyən müddətədək təxirə salındığını dedi.

Fəqət, etirazlar səngimədi.

Etirazaçılar Kerri Lemin istefasını, qanun layihəsinin gündəmdən çıxarılmasını, aksiyaların "qiyam" kimi dəyərləndirilməməsi, tutulanların hamısını ittiham irəli sürülmədən buraxılmasını tələb etməyə başladılar.

Əslində, 2014-cü ilin payızında da Honkonqda dünyanın "çətirlər inqilabı" kimi tanıyacağı etiraz aksiyaları olmuşdu. Gənclər materik Çinin yerli seçki prosedurlarına müdaxiləsinə qarşı çıxmışdılar. Sentyabrdan dekabradək davam etmiş aksiya yalnız liderlər və fəallar tutulandan sonra dayanmışdı.

İndi isə aşkar lider yoxdur. Aksiyalar spontan başlayır, müxtəlif yerlərdə alovlanır.

Koordinasiya isə internet messencerlərdəki məxfi çatlar vasitəsilə reallaşdırılır.

Kerri Lem başabəla qanun layihəsinin ləğv olunduğunu və üzr istədiyini desə də, Honkonq sakitləşmir. Lem iki dəfə istefa vermək istəyib, lakin Pekin istefaları qəbul etməyib.

... Honkonq çox aram şəkildə, lakin dayanmadan Çinlə tam birləşməyə və Çində əriməyə doğru gedir. Bu şəhərin müxtariyyət hüquqlarını itirəcəyi şübşəsizdir.

Honkonqda siyasi mövcudiyyəti bütünlüklə Çinlə siyasi və iqtisadi əlaqələrdən asılı olan rəhbərliksə odla su arasında qalıb: bir tərəfdən onlar Çini sinirləndirməməli, digər tərəfdən honkonqluların etirazlarını yatırmalıdırlar.

1997-ci ildən bəri Honkonqa yüz minlərlə çinli köçüb və bu şəhərə hər il Çindən milyonlarla turist axışır. Rəsmi Pekinin fikrincə, vətəndaşlar Honkonqda "pis şeylər öyrənirlər". Pekin güc tətbiq etmək istəmir, çünki Honkonqun xüsusi statusuna dəyər və önəm verir: nədən ki, dünya bazarı ilə çox sərfəli maliyyə əməliyyatlarını rəsmi Pekin məhz Honkonq vasitəsilə gerçəkləşdirir.

Honkonqda etiraz edənlər indiyədək heç bir tələbin, şərtin və ya ultimatumun yerinə yetirilməsinə nail olmayıblar.

Kerri Lem hələ də vəzifəsindədir, tutulanlar buraxılmayıb, qara maykalı etirazçılar yenə tutulur və s.  Əslində, hakimiyyətə qarşı çoxsaylı və yerinə yetirilməsi mümkünsüz şərtlər siyahısı irəli sürmək tanış mənzərədir. Məqsəd tələblərin reallaşmasına nail olmaq yox, sonrakı aksiyalar üçün zəmin hazırlamaqdı.

Etirazlar artıq iştirakçıları da bezdirib. Yürüşdə polisin açdığı atəş nəticəsində rezin güllədən gözü zədələnən şəxsə dəstək simvolu kimi minlərlə honkonqlunun bir gözünə sarğı qoyduqları bu məzhəkə davam edir. Sadəcə, heç kim "pis adam, qorxaq" kimi görünmək istəmir.

Çinin qonşu Şençjen vilayətində hərbi texnikanın yığılmasını isə "Baxın, Çin əsgərləri gəlir, bizə divan tutmaq istəyirlər!" şayiələri formasında yayırlar.

Niyə?

Çünki ABŞ prezidenti Donald Tramp bu barədə Twitter-də yazıb və bildirib ki, sən demə, Çin rəhbərliyi Honkonqa zirehli texnika yeritməyə hazırlaşır.

Bu isə, sadəcə, absurddur.

Əvvəla, materik Çinin bu şəhərin düz mərkəzində 4 min hərbçidən ibarət qarnizonu var. Honkonq kiçik şəhərdir, 4 min hərbçi istənilən (!) vəzifənin öhdəsindən asanlıqla gələ bilər.

Trampın "Fas!" göstərişindən sonra iddiaları yayanlar və tirajlayanlar heç olmasa, bir anlıq düşünsünlər: Honkonqun dar küçələri, dinc yürüşçülər və Çin hərbçiləri.

Halbuki honkonqlular havaya atəş açılanda qaçıb aradan çıxan aksiyaçıların "inqilab"ını yaşayırlar.

İstənilən aksiyada kütlə, sürü psixologiyası işə düşür. Dünən də Honkonq aeropotunu "ələ keçirən" etirazçılar atəş səsi eşidən kimi qaçıb aradan çıxmağa başladılar.

Honkonq küçələrində tanklara gəldikdə isə... Bu dar küçələrdə iki avtomobilin toqquşması bəsdir ki, çox ağır tıxac yaransın.

Şəhərdə Tyananmen meydanı yoxdur. Adada olan ən böyük məkan kozveybeydəki Viktoriya parkıdır. Həmin parka isə ən yaxşı halda (çiyin-çiyinə durmaq şərtilə) 80 min nəfər yerləşə bilər.

Belədirsə, "Honkonqda 1 milyon insan küçələrə çıxdı" iddiasının absurdluğu və yalanı əyan olmurmu?!

Və ən nhayət, Honkonqda "fuszyanlılar" adlı çox güclü icma, diaspor var. Çinin cənubundakı Fuszyan vilayətinin təxminən on milyonlarla əhalisi var və bu məkanın yetkinlik yaşına çatmış sakinlərinin tam əksəriyyəti qatı kommunistlərdir.

Toplam olaraq 7,6 milyonluq Honkonqda hazırda təxminən 1 milyon fuszyanlı yaşayır.

Aksiyalar nəticəsində bizneslərinə ciddi ziyan dəymiş fuszyanlılar hiddətləniblər. O həddə ki, WeChat messencerində qruplar və çatlar yaradaraq "Bu Britaniya köpəklərinin cavablarını vermək vaxtı çatıb, boğaza yığıldıq" yazıları sürətlə artır.

Aksiyalar əsasən şəhərin "North Point" səmtində olduğundan, etiraz edənlər heç bir halda - Qərb mediasınının iddialarına rəğmən - şəhərə nəzarət etmirlər.

"North Point"da yaşayanların yarıdan çoxu da fuszyanlılardır.

Honkonq polisi də indi fuszyanlılarla danışıqlar aparır, onları dilə tutur ki, aksiya iştirakçılarını cəzalandırmasınlar.

Çünki şəhərdə növbəti "trilyonlar marşı" zamanı qəflətən yan küçələrdən əllərində uzun dəyənəklər tutmuş yüzlərlə, minlərlə fuszanlı qaçaraq çıxa bilər, etirazçıları şil-küt edər. Belədə "demokrat"lara nə çətirlər, nə maskalar, nə Qərbin dəstəyi kömək etməyəcək.

Honkonqdakı situasiyanı lap sadə dildə anladım.

Şəhər polisinin qanunları, qaydaları, məsuliyyəti və s. var. 1 milyonluq fuszyanlı diasporunun mənsubları isə aksiyaya görə yeni-yeni küçələrin qapanmasından sonra axşamlar ənənəvi çinli restoranında bir araya gəlir, müzakirələr aparır və düşünürlər ki, "bu adamların dərsini vermək lazımdır".

Yəni gerçək bu ki, Honkonqda polis əslində infantil etirazçıları qəzəbli xalqdan qoruyur.

Və son olaraq...

Əgər düşünürsünüzsə ki, Honkonqda etiraz edənlərin əksəriyyəti intellektuallardır - axı tam əksəriyyət eynəklidir - yanılırsınız.

Honkonqda və ümumiyyətlə, Cənub-Şərqi Asiyada çoxlarının eynəyi var. O adamların da minimum qismi intellektualdır.

Eynən Bakıda radikal müxalifətin mitinqlərində olduğu kimi - şüurunda məqsədsizlik, beynirndə gerçəkliyin mozaik anlamı olan, ipəkqurdu yaddaşlı, məntiq aparatı Bivis və Bathed zehni səviyyəsində olan çıxır küçəyə, başlayır qışqırmağa.

Belələrinin intellektuallara və ya proletariata əsla dəxli yoxdur, çünki işləmək və inkişaf etmək istəmirlər.

Onların əsas tezisi: "Bizə az verdilər!"

"İş verin, imkan verin"lə dərhal "hər şeyi verin" arasında, "təhsil almaq və inkişaf etmək imkanları yaradın"la "başqasının əməyinin nəticələrini verin, çünki demokratam və lənət olsun, çox ağıllıyam" arasında fərqi hiss edirsiniz?!

Eynən Bakıda olduğu kimi, etiraz aksiyalarına çıxanlar prinsip etibarilə qurmaq, yaratmaq niyyətində deyillər. Onlar istəmir, bacarmır və öyrənmək də istəmirlər.

Sadəcə, bir fakt: Honkonqda tutulanların 56 faizi işsizlərdir. Və Honkonqdakı etiraz aksiyaları bilavasitə ABŞ-ın bu şəhərdəki konsulluğundan idarə olunur.

Ən azı ona görə ki, aksiya liderlərindən biri konsulluqdakı görüşdə kameralar qarşısında demişdi: "Kommunizmlə mübarizə aparırıq, bizə yardım edin".

Honkonqda ABŞ-ın onlarla "müstəqil beynəlxalq təşkilatı"nın filialları, yüzlərlə yerli "müstəqil" QHT-ni maliyyələşdirən strukturlar var.

Məqsəd "Çinin qırmızı-ulduzlu vəhşi diktaturasına qarşı mübarizə aparan kövrək, döyülən demokratlar" görüntüsü yaratmaqdır.

Görüntülərə də aldanmayın, Qərb mediası həmişəki kimi, arzuladığını gerçəklik kimi qələmə verir.

Aksiyalar olan küçənin yan tərəfindəki küçədə restoranlar, barlar işləyir, musiqi və gülüş səsləri gəlir, adi yol hərəkəti, polislər də tənbəlcəsinə dolaşırlar.

Honkonqun yerli məcazıdır: etiraz edənlərin polislə süpürləşdikləri yerdən "Ginnes" pivəsinin süzülüb "Hə, yan küçədə vəziyyət necədir?" sualının verildiyi məkanadək sadəcə, 4 dəqiqəlik yoldur.

Elçin Alıoğlu
Milli.Az