Bu gün Türkiyənin İstanbul şəhərində UEFA Super Kuboku uğrunda oyun keçiriləcək.
MiliAz goal.az-a istinadən xəbər verir ki, "Vodafone Park"da İngiltərənin iki təmsilçisi - "Liverpul" və "Çelsi" üz-üzə gələcək.
Ötən mövsüm "Liverpul" "Tottenhem"i 2:0 hesabı ilə üstələyərək, Çempionlar Liqasının qalibi olub. "Çelsi" isə Bakı Olimpiya Stadionunda təşkil olunmuş Avropa Liqasının həlledici qarşılaşmasında "Arsenal"ı darmadağın edib - 4:1.
Bakı vaxtı ilə saat 23:00-da başlanacaq görüşü ilk dəfə qadın referi idarə edəcək. Fransalı Stefani Frappara həmyerlisi Manuela Nikolazi və irlandiyalı Mişel O Nil yan xətt hakimləri kimi yardımçı olacaq. Dördüncü hakim funksiyasını türkiyəli kişi referi Cüneyt Çakır yerinə yetirəcək.
14 avqust
UEFA Super Kuboku
23:00. "Liverpul" - "Çelsi"
Hakimlər: Stefani Frappar (Fransa), Manuela Nikolazi (Fransa), Mişel O Nil (İrlandiya), Cüneyt Çakır (Türkiyə)
VAR hakimi: Kleman Türpen (Fransa)
"Vodafone Park", İstanbul (Türkiyə).
Milli.Az