Bir ailənin və bir dövlətin faciəsi... - FOTOSESSİYA

13 Aprel 2010 12:34
Polşa prezidenti Lex Kaçinski və xanımı Mariya Kaçinskinin həlak olduğu təyyarə qəzası bütünlükdə Polşa üçün faciə olsa da, təbii ki, ilk növbədə bir ailənin faciəsidir. Bu ailənin tək qızı olan Marta indi sözün digər mənasında da tək qalıb...

Polşa Prezident Katibliyi rəhbərinin müavini Yatsek Sasin mərhum prezidentlə birinci xanımın birgə dəfn olunacaqlarını bildirib. Ailəyə yaxın dairələr onların bir-birlərini çox sevdiklərini söyləyir. Lex Kaçinki xanımı ilə ilk dəfə 1976-cı ildə rastlaşıb. Mariya ondan 7 yaş böyük olsa da, Lex onunla çox tez zamanda ümumi dil tapıb və onların arasında böyük sevgi yaranıb. Tanışlıq zamanı gələcək prezident Qdansk Universitetində dissertasiya yazır, Mariya isə həmin şəhərdə iqtisadçı işləyirmiş. Tez-tez görüşən cütlük ailələrində xeyli oxşarlığın olduğunu üzə çıxarır...

Lex və əkiz qardaşı Yaroslavın atası Raymund İkinci dünya müharibəsi zamanı gizli fəaliyyətlə məşğul olub, anası isə Sovet İttifaqında ciddi təşkilat olan "Gənc qvardiya"dan heç də geri qalmayan "Serıye ryadı" təşkilatı ilə əlaqədə olub. Mariyanın da atası orduda qulluq edib, qardaşlarından biri isə Katın meşəsində güllələnib.

Lex Mariya ilə 1978-ci ildə ailə qurub. İki ildən sonra onların qızı Marta dünyaya gəlib. Bir müddət sonra Qdansk tətil komitəsində hüquq məsləhətçisi kimi çalışan Kaçinskinin bu fəaliyyəti antikommunist əməli kimi qiymətləndirilib. 1981-ci ildə Lexin həbsi ilə Mariyanın həyatında çətin dövr başlayıb. O, özünü və körpə qızını dolandırmaq üçün ingilis və fransız dillərindən xüsusi dərslər keçməyə başlayıb...

Kaçinskinin köməkçisi Mariyanın Prezident İqamətgahına köçən zaman nə qədər tərəddüd etdiyini yaxşı xatırlayır: "Onların rahat mənzilləri qadının daha çox xoşuna gəlirdi. O, adi insanlarla dostluq edir, yaxındakı köşklərin satıcıları ilə hər gün təmasda olurdu. Prezident ailəsi iqamətgaha köçən zaman isə buranın işçiləri sabiq prezidentlə işlədikləri üçün iş yerlərindən kənarlaşdırılacaqlarından narahat idilər. Amma bunu yalnız Mariyanı tanımayanlar düşünə bilərdi. O, nəinki işçilərə toxunmadı, hətta inauqurasiyadan sonra iqamətgahda çalışan işçilərin hər birini, hətta süpürgəçiləri də təntənəli qəbula dəvət etdi".

Mariya ərinin həmişə yaxşı görünməsinə xüsusi diqqət ayırıb. Günlərin birində kameralar cütlük arasındakı böyük məhəbbətin bir nümunəsini lentə köçürməyə də nail olub. İnsanların kənarlaşmasından dərhal sonra Lex xanımının əlini ovucuna alaraq, ard-arda "mənim balam" sözünü təkrarlamağa başlayıb...

Lexin nə qədər ürəyiyumşaq adam olduğunu göstərən daha bir fakt: ona nəvə payı vermiş qızı Mariya ilk ərindən boşandıqdan sonra atasının rəqibi Marek Dubineçkonun oğlu ilə ailə qurmağa hazırlaşanda hər kəs Lexin buna sərt reaksiyasını gözləsə də, hər şey əksinə olub. Prezident qızının xoşbəxt olması üçün əlindən gələni edib...

Lex 1949-cu ildə dünyaya birgə göz açdıqları əkiz qardaşı Yaroslavla da son dərəcə mehriban münasibətə malik olub. Uşaqlıqda onlar birlikdə filmə də çəkilməyə macal tapıblar. Boş vaxtlarında onlar birlikdə gəzintiyə çıxır, demək olar ki, bütün məsələlərlə bağlı məsləhətləşirlərmiş... Hətta prezident ölümündən əvvəl son olaraq məhz qardaşı ilə telefonla danışıb. Yaroslav prezidentdən Smolenskə enib-enmədiklərini soruşub, Lex isə hələ havada olduqlarını deyib...

Milli.Az


Əkizlər filmdə
--------------------------------------------------------------------------------
Lex Kaçinski qızı ilə
--------------------------------------------------------------------------------
Lex Kaçinski həyat yoldaşı və qızı ilə
--------------------------------------------------------------------------------
Lex və Mariya nəvələri ilə
--------------------------------------------------------------------------------
Kaçinskilər ailəsi
--------------------------------------------------------------------------------
Lex və Mariya
--------------------------------------------------------------------------------
Lex və Mariya
--------------------------------------------------------------------------------
Mərhum prezident və birinci ledi
--------------------------------------------------------------------------------
Prezidentin nəşi
--------------------------------------------------------------------------------
Baş nazir Donald Tusk prezidentin nəşinə təzim edir
--------------------------------------------------------------------------------
Lexin əkiz qardaşı Yaroslav və qızı Marta cənazəni qarşılayırlar
--------------------------------------------------------------------------------
Yaroslav və Marta prezidentlə vidalaşır
--------------------------------------------------------------------------------
Polşa öz prezidentini göz yaşları ilə qarşılayır
--------------------------------------------------------------------------------
Polşa öz prezidentini göz yaşları ilə qarşılayır