Bentley itmiş Corniche prototipini bərpa edib - FOTO

24 Avqust 2019 23:30

Bentley şirkətinin Mulliner bölməsi İkinci dünya müharibəsi zamanı itirilmiş Cotniche sedanının yenidən yaradılmasını başa vurub. Bentley Corniche adlı prototip 1939-cu ildə Mark V modelinin aqreqatlarında inşa edilib və Parisdə yerləşən Carrosserie Vanvooren atelyesinin kuzovuna sahib olub. Bu prototip gələcək MkV modelinin idman versiyası olmalı idi.

Corniche prototipinin inşa ideyasına təkan verən, yunan pilot Andre Embirikosun Bentley 4 ½ şassisində inşa edilmiş və düralüminiumdan hazırlanmış axıcı kuzova malik olan avtomobili sifariş etməsi olub. Yeganə nüsxədə inşa edilən avtomobildən ilhamlanan marka rəhbərliyi, debütü gözlənilən MkV modelinin də bənzər idman versiyasının olmasına qərar verib. 1939-cu ilin may ayında belə bir prototip hazır olub.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Corniche modeli nazik poladdan hazırlanmış yüngülləşdirilmiş şassidə inşa edilib və MkV modelinin gücləndirilmiş mühərriki və yeni ötürmələr qutusu ilə təchiz edilib. Sportkarın kuzovunu isə, fransız Carrosserie Vanvooren kuzov atelyesi hazırlayıb.

İti formalar yeni dəbə mindiyinə görə, sportkar öz zamanı üçün çox futuristik görkəmə sahib olub. Aerodinamikanı yaxşılaşdırmaq məqsədi ilə, mühəndislər Bentley üçün ənənəvi olan iri şaquli radiator barmaqlığından belə imtina ediblər.

Avtomobil hazır olandan dərhal sonra, onu Bruklendsdəki oval trekdə sınaqdan çıxarıblar. Corniche trekdə 161 km/saat həddinə qədər sürətlənib. Qeyd etmək lazımdır ki, adi sedan üçün bu imkansız idi. 1939-cu ilin iyulunda Corniche Fransaya yol testlərinə göndərilib və orada avtobusla toqquşma zamanı xəsarət alıb. Bundan sonra avtomobil Vanvooren atelyesində təmir edilib.

Lakin, sedanın Bentley şirkətinin mənzil-qərargahına aparılması zamanı, sürücü idarəetməni itirib və avtomobili ağaca vuraraq aşırıb. Kuzovu yenidən sökərək Vanvooren atelyesinə bərpa üçün göndərməli olublar. Hazır edilmiş kuzov Dyepp şəhərinin limanı və doklarının bombalanması zamanı tamamilə məhv edilib.

Bentley Corniche modelini avtomobil tarixçisi və Bentley şirkətinin sabiq baş direktoru Ken Li bərpa etmək qərarına gəlib. O, 2001-ci ildə kolleksionerlərə satılmış orijinal ehtiyat hissələrini toplamağa başlayıb, 2008-ci ildə isə, britaniya markasından maliyyə yardımı alıb. Corniche modelinin kuzovunu, orijinal avtomobilin dizayneri Jorj Polenin ailəsinin təqdim etdiyi çertyojlar əsasında, Ashley&James  atelyesində hazırlayıblar. 2018-ci ilin fevralında layihə Mulliner atelyesinə verilib və Bentley markasının 100 illik yubileyinin bayram edilməsinin tərkib hissəsinə çevrilib.

Avtomobil üzərində nəinki eksklyuziv layihələr bölümünün, həmçinin digər bölmələrin əməkdaşları da çalışıblar. Mulliner atelyesinin kuzov ustaları kuzov panellərinin final tənzimləməsini aparıb, boya sexinin ustaları isə, arxiv materialları əsasında eksteryerin əsas iki rəngini - Imperial Maroon və Heather Grey boyalarını yenidən yaradıblar. Bundan sonra, dizaynerlər komandası həmin dövrə uyğun olan materiallardan istifadə edərək, Vanvooren üslubunda interyeri yenidən yaradıblar.

Radiator barmaqlığını əvvəlcə kompyüterdə çəkərək, dizaynı və hər bir milin aerodinamikasını təhlil ediblər. Sonra isə, onu fiziki olaraq hazırlayıblar. Layihədə Mulliner atelyesinin altı stajoru da iştirak ediblər. Onlardan biri orijinal Corniche modelindəkinə bənzəyən alətlər üçün qutunu yığıb.

Milli.Az