Maserati Montereyə xüsusi seriyadan olan sedanı və krossoveri gətirib - FOTO

24 Avqust 2019 20:01

Kaliforniyada keçirilən Monterey Car Week tədbiri çərçivəsində Maserati şirkəti Quattroporte və Levante modellərinin xüsusi seriyasını təqdim edəcəkdir. Məhdud seriyadan olan avtomobillər digərlərindən eksteryer və interyerin xüsusi tərtibatı ilə seçilirlər.

Milli.Az autograph.az-a istinadən bildirir ki, ilk növbədə hər iki abtomobil Pelletessuta materialı ilə tərtib edilmiş interyerə sahib olub. Çətin tələffüz edilən ada malik olan materialın hazırlanmasında nappa dərisindən istifadə edilir. Dəri nazik zolaqlar şəklində doğranır, sonra isə hörülür. Bu proses əl işi ilə yaradılan ənənəvi parça örtüyün hazırlanmasına bənzəyir. Əldə edilən material daha dözümlü və yüngül olur, və əlbəttə ki, avtomobil aləmi üçün eksklyuziv sayılır. Maserati belə interyer təklif edən yeganə istehsalçı olduğunu iddia edir.

Bu material yalnız hər biri 50 nüsxədə buraxılacaq Maserati Quattroporte sedanı və Levante krossoveri üçün əlçatandır. Xüsusi seriyadan olan sedan Maserati Quattroporte S Q4 GrandLusso modifikasiyasının əsasında yaradılıb. Bu modellər mavi Blu Sofisticato rənginə boyanmış kuzova və tünd-qəhvəyi rəngli interyerə sahibdirlər.

Xüsusi seriyadan olan krossover isə, Maserati Levante S GranSport modifikasiyasının əsasında yaradılıb. Krossoverin kuzovu qəhvəyi Bronzo rənginə boyanır və 21-düymlük disklər ilə təchiz edilir. Levante modelinin interyerinin tərtibatında qara rəngli materiallardan istifadə edilir. Hər iki avtomobilin salonunda Zegna Edition lövhəcikləri quraşdırılıbdır ki, bu da  dəri istehsalçısının kim olduğuna işarə edir.

Maserati xüsusi seriyadan olan modellərin qiymətini açıqlamayıb. Avtomobillərin sifarişçilərə çatdırılmasına 2020-ci ilin əvvəlində başlanacaqdır.

Milli.Az