Manhart 8 Series kupesini təkmilləşdirib - FOTO

24 Avqust 2019 23:01

Manhart atelyesi BMW 8 Series kupesi üçün hazırladığı təkmilləşdirmələr proqramını təqdim edib. Tüninq proqramı kupenin ən güclü variantı olan M850i modifikasiyasına əsaslanır. Tünerlər avtomobilin eksteryerinin təkmilləşdirilməsinə incə şəkildə yanaşıblar.

Milli.Az autograph.az-a istinadən bildirir ki, M Performance dəstinə malik olan kupe tutqun-qara rəngli 21 düymlük təkər disklərinə, karbondan hazırlanmış ön splitterə, arxa diffuzora, spoylerə və güzgü gövdələrinə sahib olub. Bundan başqa, tüner kupenin qara rəngli kuzovunu qızılı rəngli qarfika ilə bəzəyib.

BMW 8 Series kupesinin asqı sistemi H&R firmasının komponentlərinə sahib olub. Nəticədə, kupenin klirensi 30 mm azalıb. Manhart mütəxəssisləri bu dəyişikliyin kupenin idarələnməsinə müsbət təsir göstərdiyini bildirirlər. Salonda baş vermiş yeganə dəyişiklik, mərkəzi konsola vurulmuş layihənin adı olan löhvədir.

Manhart mütəxəssisləri avtomobilin güc aqreqatının üzərində ciddi şəkildə işləyiblər: 4,4-litrlik V8 tvin-turbo mühərrikinin hasilatı 630 at qüvvəsi və 890 Nm fırlanma anı təşkil edir ki, bu da standart mühərrikdə olduğundan 100 at qüvvəsi və 140 Nm çoxdur. Üstəlik, Manhart MH8 600 kupesi bir müddət bundan öncə debüt etmiş M8 Competition modelindən də güclü alınıb. Xatırladaq ki, BMW M8 Competition modelinin güc aqreqatı 625 at qüvvəsinə və 750 Nm fırlanma anına malikdir.

Manhart nümayəndələri modelin dinamik xarakteristikalarını açıqlamayıb. BMW M8 Competition modeli 100 km/saat həddini 3,2 saniyəyə toplayır.

Milli.Az