Dində maksimum və minimum dünyagörüşü

18 Avqust 2019 21:40

Dində maksimum və minimum dünyagörüşü nə deməkdir? Başqa sözlə, dinə ifrat və təfrit baxış nədir?

Bu sual iki cür mülahizə olunur: 1. dinə subyektiv baxış; 2. dinə obyektiv baxış.

1. Maksimum və minimum dünyagörüşünə subyektiv baxış: Dinə subyektiv baxış bir din kimi İslamın göstərişlərində insanın həyatı ilə bağlı hansı tövsiyələrin mövcud olduğunu araşdırır. Belə ki, bu tövsiyə və göstərişlərin bəşəri həyatın bütün yönlərinə aid olub-olmaması böyük əhəmiyyət kəsb edir. Misal üçün, görəsən, din təlimlərində bütün fərdi, ictimai, etiqadi, əxlaqi və əməli sahələrə aid göstərişlər varmı? Yoxsa, yalnız əxlaq və əhkam kimi xüsusi bir sahənimi əhatə edir?

Milli.Az maide.az-a istinadən bildirir ki, dinə minimum nəzəriyyə ilə yanaşanlar subyektiv baxış əsasında İslam ayinləri haqda iki mülahizə yürüdürlər:

a) İslam dini siyasət və dövlətçiliklə əlaqədar minimum dərəcədədir. Belə ki, din və dini təlimlər daha çox fərdi və şəxsi xarakterə malik olub, ictimai-siyasi sahələrə qarışmır. Başqa sözlə, din siyasətdən ayrıdır.

Cavab: Əksər İslam alimləri və mütəfəkkirlərinin yekdil fikrinə əsasən, əziz İslam Peyğəmbəri (s) mütəal Allah tərəfindən dövlət quraraq Mədinə şəhərində dini quruluş təşkil edib. Həm şiə, həm də əhli-sünnə alimlərinin çoxu Peyğəmbərin (s) və İslam dininin siyasi mövqeyində şübhə etmir. Amma bəzi ziyalılar tərəfindən irəli sürülən bu fikir Peyğəmbərin (s) siyasi məqama malik olmadığını göstərir. Onlar "sekulyarizm" təfəkküründən təsirlənərək dinin siyasətdən ayrı olduğunu və nəticədə, Peyğəmbərin (s)  siyasi məqam və mövqeyə malik olmadığını deyirlər. Belə ki, Peyğəmbərin (s) Mədinədə təşkil etdiyi quruluşu onun ilahi vəzifəsi yox, ictimai vəzifəsi sanırlar.

Əvvəla deməliyik ki, Peyğəmbərin (s) siyasi rəhbərlik məqamı və mövqeyi əksər İslam alimləri tərəfindən şübhəsiz qəbul olunur. Quranın ayələri də buna dəlalət edir və bir neçə ayədə təkrar olunan "Ətiullahə və ətiur-Rəsul!" (Allaha və Peyğəmbərə itaət edin!)[2] - ibarəsi buna şahiddir. Həmçinin "Hədid" surəsinin 25-ci ayəsində buyurulur:

لَقَدْ أَرْسَلْنَا رُسُلَنَا بِالْبَيِّنَاتِ وَأَنْزَلْنَا مَعَهُمُ الْكِتَابَ وَالْمِيزَانَ لِيَقُومَ النَّاسُ بِالْقِسْطِ وَأَنْزَلْنَا الْحَدِيدَ فِيهِ بَأْسٌ شَدِيدٌ وَمَنَافِعُ لِلنَّاسِ وَلِيَعْلَمَ اللَّهُ مَنْ يَنْصُرُهُ وَرُسُلَهُ بِالْغَيْبِ إِنَّ اللَّهَ قَوِيٌّ عَزِيزٌ؛

"Şübhəsiz, Biz Öz peyğəmbərlərimizi aydın dəlillərlə (məntiq və möcüzə ilə) göndərdik və onlarla birlikdə (səmavi) kitab və ölçü vasitəsi nazil etdik ki, insanlar arasında ədalət və insafa əməl etsinlər. Və dəmiri (imkan mərhələsindən vücud aləminə) nazil etdik. Onda insanlar üçün möhkəm qüvvə və (digər) mənfəətlər vardır. Həmçinin Allahın Ona və Onun peyğəmbərlərinə gizlində yardım edənləri tanıması üçün. Həqiqətən, Allah qüvvətli və yenilməz qüdrət sahibidir."

İkincisi, bu məsələ ilə əlaqədar tarixi faktlar göstərir ki, Peyğəmbər (s) Mədinədə siyasi hökumət təsis etmiş və dövlət işləri ilə məşğul olurmuş. Məsələn, o həzrət müxtəlif məntəqələrə öz valilərini göndərir, onlardan öhdələrinə götürdükləri dini-ictimai işləri layiqincə yerinə yetirmələrini tələb edirdi və s. Amma Peyğəmbərin (s) siyasi hakimiyyətinin birbaşa dindən qaynaqlanmasına gəldikdə isə, deməliyik ki, İslamın əksər ayinlərinin əhatəliyi və ümummiqyaslılığı tam siyasi quruluşu tələb edir və bunsuz onların icrası qeyri-mümkündür. Misal üçün, əhkam, hüdud (cəza tədbirləri), eləcə də zəkat, xüms və qənimətlərin bölgüsü kimi dini göstərişləri hökumətsiz icra etmək qeyri-mümkündür.

Üçüncüsü, Quranın bir çox ayələrinə əsasən, Peyğəmbər (s) bəşəriyyətə ülgü və rəhbər kimi təqdim edilir. Məsələn, bir ayədə buyurulur:

النَّبِيُّ أَوْلَى بِالْمُؤْمِنِينَ مِنْ أَنْفُسِهِمْ

"Peyğəmbər möminlərə özlərindən daha çox layiqdir (Peyğəmbərin onların can və mallarından istifadə etmək barədəki istəyi onların öz istəklərindən irəlidir)."[3]

b) Dinə minimum nəzəriyyənin subyektiv baxışı tərəfdarlarının bir qismi isə İslamın əhatəli və hərtərəfliliyinə və onun insanın həyatının bütün sahələrini əhatə edən göstərişlərinin genişliyinə irad tuta bilmədiklərindən, şübhə və iradlarını başqa cür irəli sürmüşlər. Məsələn, demişlər ki, din və dini təlimlər cəmiyyətin səviyyəsinə uyğun xüsusi dövrə aid imiş və həmin dövrün ibtidai müsəlmanları üçün münasibdir. Lakin bu dini təlim və hökmlərin çoxu zaman, məkan və ictimai baxımdan tərəqqi edən bugünkü cəmiyyətin ehtiyaclarını təmin etməyə qadir deyildir. Çünki:

-Bütün İslam məzhəbləri və alimlərinin yekdilliklə qəbul etdikləri həzrət Muhəmmədin (s) sonuncu peyğəmbər olması və yuxarıda verilən İslam şəriətinin əhatəliyi məsələsi dinə minimum baxışla ziddiyyət təşkil edir. Başqa sözlə, o həzrətin (s) sonuncu peyğəmbər və İslamın əbədi din olduğuna dəlalət edən mötəbər və qəti dəlillər bu şübhə və iradı aradan qaldırır. Buna əsasən, İslamın hər hansı hökm və qanunları müəyyən zaman, məkan, irq və məntəqəyə məxsus deyildir.

-Peyğəmbərdən (s) nəql olunan rəvayətlərə əsasən, İslamın hökmləri zaman baxımından əbədi olub, qiyamətə qədər mötəbərdir. Məsələn, bir hədisdə buyurulur: "Muhəmmədin (s) halal etdiyi qiyamət gününə qədər halal, haram etdiyi isə qiyamət gününə qədər haramdır."[4]

Qiyamətə qədər mötəbər sayılan hökmlər müxtəlif zaman və məkanlarda lazımı qüvvə və icrasını itirmir.

2. Maksimum və minimum dünyagörüşünə obyektiv baxış: Dində maksimum və minimum dünyagörüşünə obyektiv baxış deyir ki, hər hansı bir dinin bəşərin həyatı ilə əlaqədar tövsiyələrinə diqqət yetirməzdən əvvəl şəriət bizə nə kimi məsələlərdə cavabdeh ola bilər? Başqa sözlə, insanın dindən intizarı nə həddə olmalıdır? Görəsən, din onun bütün ehtiyaclarını təmin edə bilər, yoxsa hər hansı bir sahə ilə məhdudlaşır?

Buna üç cür izah verilir: 1. geniş baxış; 2. dar baxış; 3. mötədil baxış (bizim nəzərimizə görə orta mövqe).

1. Geniş baxış: İnsan bütün fərdi və ictimai həyatında yemək-içmək, geyim, yerimək, oturmaq, yatmaq kimi cüzi rəftarlarından tutmuş dövlət məsələlərinə qədər hər bir sahədə din və dini təlimlərə möhtacdır. Başqa sözlə, insan hər hansı sahədə heç bir çətinlik çəkmədən dinin sayəsində hazır xammalı mənimsəmək hüququna malikdir. Dini bəşərin bütün ehtiyaclarının təminində borclu sayan bu baxış özünə "dində maksimum dünyagörüşü" adını qazanıb.

Təhlil və tənqid: Geniş baxışa əsasən, din bəşəriyyətin bütün tələblərinə cavab verməlidir. Bu isə insanların ağıl və şüur qüvvəsindən istifadə etməsinin, fitri-ilahi istedadlarının çiçəklənməsinin qarşısını alır.

Halbuki bu təfəkkür tərzi tamamilə yanlış və həqiqətdən uzaqdır. Çünki ilahi dinlər içərisində ağıl və şüur qüvvəsindən istifadə etməyən və yalnız özünün təklikdə bəşəriyyətin bütün tələblərinə cavab verən bir din tapmaq qeyri-mümkündür.

2. Dar baxış: Maksimum dünyagörüşü öz mövqeyini itirdikdən və kilsə hakimiyyətinə qarşı qərb dünyasında gedən uzunmüddətli münaqişələrdən sonra "sekulyarizm" adlı yeni bir görüş baş qaldırdı. Bu görüşə əsasən, din siyasət və ictimai işlərə qarışmamalıdır. İnsanın həyatı iki hissədən - dünya və axirətdən ibadət olub, bir-birindən tamamilə ayrıdır və onun dünyada gördükləri işlərinin axirətə azacıq belə təsiri yoxdur. Demək, o, yalnız axirət işləri və Allahla öz rabitəsi hüdudunda dindən göstəriş ala bilər. Dünya işləri və həyat tərzinə gəldikdə isə, özü istədiyi və bəyəndiyi kimi həyat sürməli, burada dinin və Allahın göstərişlərinə itaət lazım deyildir. Bu baxış "dində minimum dünyagörüşü" adı ilə tanınır.

Təhlil və tənqid: Bu görüşdə də bir sıra iradlar vardır ki, ən önəmlisi insanın dünyası ilə axirətinin bir-birindən ayrılığıdır. İnsanın iki hissəyə bölünən dünya və axirətinin, başqa sözlə, təvəllüddən başlanıb, ölümlə qurtaran dünya həyatı ilə ölümdən sonra davam edən axirət həyatının hər ikisinin özünəməxsus xüsusiyyətləri olsa da, bu bölgü üzrə insanın dünya həyatı və onun bu dünyada yerinə yetirdiyi rəftar və əməlləri də iki qismə ayrılır. Göründüyü kimi, bu iki qismin arasında rabitə və əlaqənin olmamazlığı insanın dünyası ilə axirətini bir-birindən tamamilə ayırır. Bu baxışa əsasən, din və dini təlimlər kilsələr və məscidlərdə yerinə yetirilən fərdi, yaxud bir qrupa aid raz-niyazdan ibarətdir və onlar yalnız fərdlə Allah arasındakı rabitə olub, ictimai həyatla əsla əlaqəsi yoxdur.

Əvvəla, dinə belə bir baxış dəlil-sübutsuz iddiadan başqa bir şey deyil.

İkincisi, bu baxış ilahi dinlərin möhtəvası ilə uyğun gəlmir. Məlum olduğu kimi, hər bir din bəşərdən bütün fərdi və ictimai rəftarlarını haqq sandığı göstərişləri ilə tətbiq etməsini tələb edir və deyir ki, onun dünyadakı hər bir işinin birbaşa axirətinə təsiri vardır.

3. Mötədil baxış (orta mövqe): Bu görüşə əsasən, insanın həyatı iki qismə - dünya və axirətə bölünür. Keçən baxışlardan fərqli olaraq burada insanın axirəti məhz dünyadakı rəftar və əməllərinin nəticəsi və məhsulu sayılır. Başqa sözlə, bu dünyada görülən əməllər axirətə birbaşa təsir edir. Odur ki, insan bu dünyada elə yaşamalıdır ki, axirətinə faydası olsun.

İnsan azad olduğundan, səadət və bədbəxtliyi öz əlindədir. Onun səadətinin təminində isə din böyük əhəmiyyət daşıyır. Odur ki, o, həyatını dini dünyagörüşü əsasında qurmalı, onun təlim və göstərişlərinə riayət etməlidir. Bu baxış əsl İslam təfəkkürünə uyğun gəlir. Bizim nəzərimizə görə, burada həm maksimum (ifrat), həm də minimum (ifrat) dünyagörüşlərindəki irad və nöqsanlar görünmür. Əvvəla, İslamın dünya və axirət səadətinin təminində həyatın fərdi, ictimai, iqtisadi və siyasi sahələrinə dair ümumi göstərişlər və proqramları vardır. İkincisi, elə də deyil ki, din insanın bütün həyatının təfərrüatına, hətta gündəlik işlərinə belə hədd qoyaraq onu mexaniki hala salsın. Bununla belə, onların çoxu həmin ümumi göstərişlərdən asanlıqla ələ gəlir.

Demək, insanın aqibətinə birbaşa təsir edən rəftar və əməllər, şübhəsiz, dini təlimlərdə qeyd olunub. Əlbəttə, elə işlər də vardır ki, dində zərurət daşımır və hər biri haqda qərar çıxarmaq insanın şüur qüvvəsinə həvalə edilir. Buna əsasən, müqəddəs İslam dini insanın rəftarı, hətta düşüncə tərzi üçün əhatəli proqramlar verdiyi halda, lazım gəldikdə xas buyruqlara toxunur və bunlar İslamın geniş şəriət nizamı çərçivəsində öz əksini dəqiq tapır. Odur ki, dində heç vaxt əql və şüur çırağı söndürülməmiş, əksinə cürbəcür ibarələrlə insanlara elm öyrənmə, düşüncəni artırma, başqalarından faydalanma kimi tövsiyələr verilmişdir. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Elmi beşikdən qəbrə qədər öyrənin!" Başqa bir hədisdə belə buyurmuşdur: "Elm öyrənmək bütün müsəlman kişi və müsəlman qadınlara vacibdir!" ("Həqiqət sorağında", müəllif: "Höccətiyyə" mədrəsəsinin elmi heyəti, 3-cü sual.)

[1]. Bax: "Gənclərin dini-ideoloji sualları", Möhsün Qərəviyan; "Bəşərin dindən intizarı", Məhəmməd Əmin Əhmədi; "Din fəlsəfəsi", Ayətullah Məhəmmədtəqi Cəfəri; "Məcmueyi-asar (Mişkat - suallar və cavablar), Ayətullah Məhəmmədtəqi Misbah Yəzdi, 1-5-ci cildlər.

[2]. "Nisa" surəsi, ayə 59.

[3]. "Əhzab" surəsi, ayə 6.

[4]. "Üsuli-kafi", c.1, səh.57; "Biharul-ənvar", c.2, səh.260; "Vəsailüş-şiə", c.18, səh.124.

Milli.Az