Süd vəzi ağrısı üçün yazılan bu dərmanlar... – Həkimdən XƏBƏRDARLIQ

17 Avqust 2019 22:15

"Süd vəziləri-hormonların harmoniyası olan bir üzvdür. Hər bir qız uşağında reproduktiv dövrə qədər süd vəziləri fizioloji sakit halda olurlar. Daha sonralar isə 15 hormonun təsiri altında öz struktur və anatomiyasını qururlar".

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu mammoloq-radioloq, Tibb Universitetinin Tədris Terapevtik Klinikasının həkimi Günel Qəmbərova deyib.

Mütəxəssis bildirib ki, əgər xanımlarda hər hansı bir hormonal dəyişiklik varsa, onları müalicə edən həkim endokrinoloqlar və ginekoloqlar eyni zamanda paralel olaraq xanımların süd vəzilərini də müayinə etdirməlidirlər. Onun sözlərinə görə, bu, həm xəstə üçün lazımlıdır, həm də bu taktika həkimin professionallığından xəbər verir: "Müşahidələrim göstərir ki, bəzən həkimlərimiz süd vəzi ağrısını və ödemini azaltmaq üçün bir çox bitki tərkibli dərman preparatlarını pasientlərə məsləhət görürlər. Bu, əslində düzgün taktika deyil. Süd vəzi ağrısı diş ağrısı və ya mədə ağrısı kimi dərhal müalicəyə və müayinəyə ehtiyacı olan ağrıdır. Süd vəziləri müalicəyə ehtiyacı olan üzvlərdir. Çünki ağrıların kökündə ciddi hormonal pozğunluq, endokrin vəzilərinin xəstəlikləri, süd vəzi üçün uçun həmişə ehtiyat etdiyimiz travmalar və gecikmiş süd vəzi şişləri dayana bilər. Bu səbəbdən "ağrı bir siqnaldır" prinsipinə əsaslanaraq, həkimə müraciət etməyimiz və müayinə olunmağımızda fayda var".

Milli.Az