Qətl törədib 11 il “yatdı”, çıxıb 3 ay sonra bacılarını doğradı... - Buzovnadakı qanlı dramın təfərrüatları

10 Avqust 2019 15:29

Avqustun 9-da məhkəmə Bakının Buzovna qəsəbəsində iki bacısını qətlə yetirən keçmiş məhkumu yenidən türməyə yola salıb, bu dəfə ömürlük.

Belə görünür ki, 11 illik həbsxana həyatı Muxtar Əlimanovu islah etməyib, azadlığa çıxandan cəmi 3 ay sonra yenidən qətl törədib. Bu dəfə əlini doğma bacılarının qanına bulayıb. Mübahisə isə torpaq üstündə yaranıb. Törətdiyi əmələ bacılarının onu təhqir etməsi ilə haqq qazandırmağa çalışır. İki bacının qatilinə məhkəməsi ötən gün yekunlaşıb, ona hökm oxunub.

Adam öldürdüyünə görə həbs olunan, bu ilin yanvarında azadlığa çıxan qardaş özündən yaşca böyük olan bacıları ilə torpaq üstündə mübahisə edib, dava-dalaş salıb. Bacılarının onun ünvanına söyüş söyməsinə həzm edə bilməyən Muxtar bıçağa əl atıb. "Mən sizin əcəlinizəm, hamınızı öldürəcəyəm" deyərək Səadətə və Məlahətə azyaşlı uşaqların gözü önündə çoxsaylı zərbələr endirib.

Bakı Ağır Cinayətlər Məhkəməsində bacılarını qətlə yetirməkdə ittiham olunan Bakı şəhər sakini, 43 yaşlı Muxtar Əlimanovun cinayət işi üzrə məhkəmə prosesi  dünən yekunlaşıb.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, hadisə bu il aprelin 15-də Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsi ev 68 ünvanında baş verib. Bir neçə ay əvvəl həbsxanadan azadlığa buraxılan M.Əlimanov bacısı Məlahətdən mənzilə qeydiyyata düşmək istədiyini, mülkiyyətində olan torpaq sahəsindən ona da pay ayrılmasını və ev tikmək niyyətində olduğunu deyib.

M. Əlimanova isə qardaşına sənədləri hazırladıqdan sonra ona xəbər edəcəyini bildirib. Bacısının onu aldatdığını düşünən Muxtar onunla mübahisə edib. Qardaş-bacı arasındakı mübahisə qanla sonuclanıb. İnsidentə müdaxilə edən digər bacıları Səadətin qardaşının ünvanına söyüş söyməsi və "sənin torpaq payın yoxdur" deyib onu evdən qovması Muxtarın bıçağa əl atmasına səbəb olub. O, mətbəxdən götürdüyü bıçaqla Səadətə çoxsaylı zərbələr endirib. Bacısını qorumağa çalışan Məlahət özü də qardaşının bıçaq zərbələrinə tuş gəlib.

"Son beş ildə bacılarımın heç biri yanıma gəlmirdilər"

Təqsirləndirilən Muxtar Əlimanov ifadəsində 22 il əvvəl Buzovnadan 24 sot torpaq aldıqlarını, bacıları və qardaşı Əflatunla birgə həmin torpaq sahəsində ev tikdiklərini göstərib. Hamının bir evdə yaşaması mümkün olmadığından Muxtar özünə ayrıca ev tikməyi qərara alıb. Lakin maddi imkanı yaxşı olmadığından tikinti işləri yarımçıq qalıb. Bir müddət sonra isə adam öldürdüyünə görə həbs edilib, 11 il cəza alıb.

"Həbsxanada olanda bacılarım arada yanıma gəlirdilər. Torpaq sahəsi ilə bağlı müəyyən tələblər irəli sürürdülər, razılaşırdım. Həbsxana həyatı çətin olduğundan bir söz demirdim. Mənə də köməklik etmələrini xahiş edirdim. Məlahətgil torpağın 5 sotunu satsalar da, məndən gizlədirdilər. Onların məni aldatdıqlarını torpaq sahəsini ələ keçirmək niyyətində olduqlarını artıq başa düşmüşdüm. Son beş ildə isə bacılarımın heç biri yanıma gəlib-getmirdilər",-iki bacısının qatili ifadəsində soyuqqanlıqla baş verənləri danışıb.

"Qalmağa yerim yox idi, məni də qeydiyyata salmasını istəyirdim"

M.Əlimanovun ifadəsinə görə, bu il yanvarın 11-də cəzasını çəkib azadlığa çıxıb. Onu qardaşı Əflatun qarşılayaraq evə aparıb. Həbsxanadan qayıdan Muxtarla bacıları soyuq davranıblar. Muxtar bacısı Məlahətə qalmağa yeri olmadığını, onu da qeydiyyata salmalarını, torpaq sahəsindən pay ayırmalarını xahiş edib. Məlahət isə torpaq sahəsinə qeydiyyat şəhadətnaməsi almadıqların, buna maddi imkanı olmadığını deyib: "Məlahətin yenə məni aldatdığını başa düşdüm. Ona yalvardım, dedim ki, mən də istəyirəm kiçik bir torpaq sahəmdə özümün evim olsun. Hər dəfə bir bəhanə gətirir, yalan vədlər verirdi. Həm də Rusiyada yaşayan qardaşım qızı Həbibə xərçəng xəstəsi idi. Özümə aid olan torpaq sahəsindən satıb onun müalicəsinə də kömək etmək istəyirdim. Bu barədə Məlahətə də demişdim, yenə nəticəsi olmamışdı. Mələhət hər şeyi Səadətlə məsləhətləşirdi. Səadət onu öyrədirdi, bu da mənim xoşuma gəlmirdi".

"Polis çağırıb məni tutduracağı ilə hədələdi"

M.Əlimanov torpaq sahəsi ilə bağlı nə işlər gördüyünü xəbər almaq və internetlə qardaşı qızı Həbibə ilə danışıb hal-əhval tutmaq məqsədilə bacısıgilə yollanıb. İçəri girən bacısı Səadət ona acıqlanaraq "yenə nəyə gəlmisən?" deyib: "Məlahət dedi ki, demirəm  pul yoxdur, sənədləri hazırlaya bilmirəm, bizi rahat burax?  Səadət isə "sənin burda yerin yoxdur, bir də buralara gəlmə, polis çağırıb sənin saldıracağam içəri"dedi və söyüş söydü. Bacılarımın bu cür davranışı əsəblərimi tarıma çəkdi. Çörək bıçağını götürüb Səadətə zərbələr endirdim. Məlahət araya girdi, onu da vurdum. Məlahət yataq otağına qaçdı, arxasınca gəlib yenidən vurdum. Mənə dedi ki, qaç, polislər gəlib tutacaqlar səni. Daha vurmadım, Səadətin yanına gəldim. Şkafın üstündəki boş su balonunu götürüb yerdə uzanan Səadətin başına çırpdım".

Muxtar hər iki bacısına çoxsaylı zərbələr vurub, sonra həyətin o biri başında yaşayan qardaşı evinə yollanıb. Muxtarın əsəbi şəkildə qışqırdığını görən qardaşı Əflatun giriş qapısını bağlayıb. Muxtar əli ilə qapənın şüşəsini sındırıb açaraq içəri girib: "Qardaşımın qolundan tutdum, dedim gəl gedək, mənə dediyin sözlərin bəhrəsini gör. Əflatun məni qucaqlayıb dedi ki, belə olacağını bilmirdim, dəfələrlə onlara demişdim ki, səni aldatmasınlar".

M.Əlimanov ifadəsində Məlahətin evinə gedərkən onları öldürmək niyyəti olmadığını, həmçinin hadisə vaxtı digər bacısı Mətanətin azyaşlı uşaqlarının otaqda olduqlarını xatırlamadığını deyib. 

Məhkəmə prosesində ifadə verərkən M.Əlimanov bacısı Mətanətin (2015-ci ildə Mətanət əvvəlki ərindən olan uşaqlarını da götürərərk özüylə Türkiyəyə aparıb. Orada yenidən ailə qurub. Üç il Türkiyədə yaşayıb. Həyat yoldaşı vəfat etdikdən sonra uşaqlarıyla birgə Azərbaycana qayıdıb və bacılarıyla eyni evdə yaşayıb. Hadisə onun övladlarının gözü önündə baş verib-red.)Türkiyəyə, oradan da Suriyaya getdiyini, azyaşlı qızını orada ərə verdiyini deyib.

"Torpağın 6 sotunu satıb Rusiyaya getməyi planlaşdırırdı"

Zərərçəkmiş Əflatun Əlimanov ifadəsində göstərib ki, 1997-ci ildə anası Həbibə Buzovnadan torpaq sahəsi alıb, özü və qardaşı Muxtar, bacıları Səadət, Məlahət, Mətanət ev tikib orada yaşaylıblar: "2005-ci ildə ailə qurduqdan sonra həyətdə tikdiyimiz kiçik evdə yaşayırdım. Bacılarım da mənimlə eyni  həyətdə, lakin öz evlərində yaşayırdılar. Məlahətin 57, Səadətin 55 yaşı var idi. Heç biri ailə qurmamışdı. 2007-ci ildə torpaq sahəsinin 5 sotu satıldı, pulu Muxtar hiss-hissə alıb xərclədi. Ailədə heç kim ona bir söz demədi. Muxtar həbsdə olanda tez-tez yanına gedirdim. Azadlığa çıxanda bacılarım onu mehribanlıqla qarşıladılar. Ev darısqal olduğundan Muxtar Yasamalda ata yurdunda tək yaşayan qardaşım Ağakərimin yanında qalırdı. Tez-tez bacımgilə gəlir, Məlahətdən onu torpaq sahəsinə qeydiyyata saldırmağı tələb edirdi. Məlahət də onu qeydiyyata salacağını vəd etmişdi. Muxtar xarici pasport alıb torpağın 6 sotunu satıb Rusiyaya getməyi planlaşdırırdı".

"Mən sizin əcəlinizəm, hamınızı öldürəcəyəm"

Zərərçəkmişin ifadəsinə görə, hadisə baş verən gün bacısı ilə qardaşının yüksək səslə mübahisə etdiklərini eşidib. Əvvəlcə bir o qədər əhəmiyyət verməyib. Lakin bacısı Mətanətin uşaqlarının qışqıraraq "Muxtar dayı nənələri bıçaqla vurub öldürdü" dediyini eşidib. Həyat yoldaşı dərhal DİN 102 xidmətinə zəng vuraraq məlumat verib. Muxtar isə "mən sizin əcəlinizəm, hamınızı öldürəcəyəm" deyərək qapının şüşəsini əliylə sındırıb və içəri girib. Onu görən kimi evdəki azyaşlı uşaqlar ağlamağa başlayıblar. Muxtar stolun üstündən bıçaq götürüb qardaşını və ailəsini də hədələyərək, "sizi bu uşaqlara bağışlayıram" deyib və yenidən bıçağı stolun üstünə atıb.

"Qolumdan tutub məni çölə çıxartdı. Səadətlə Məlahəti öldürdüyünü dedi. Bu zaman polislər gəldilər. Səadət artıq ölmüşdü. Məlahətsə yaralı idi. Onu xəstəxanaya apardılar. Lakin dörd gün sonra elə xəstəxanada öldü",-bacı qatilinin qardaşı ifadəsində deyib.

Milli.Az