Qurbanlıqda Mina dağı hansı rolu oynayıb?

10 Avqust 2019 22:40

Qurban bayramı bütün dünyada müsəlmanlar tərəfindən qəbul edilən iki bayramdan biridir. Belə ki, Həzrət İbrahim (ə) öz övladı İsmaili (ə) Allah yolunda Mina dağına apararaq, qurban kəsmək əmri alır. Allahın mübarək peyğəmbəri (ə) də bu əmri icra etmək üçün yola düzəlir. Mövzunun necə bitməsi məlumdur. Allah Təala bu əməli İbrahimdən (ə) qəbul edir. İsmail (ə) əvəzində bir qoç yollanılır və o gündən bu günə bu əməl İlahi rabitənin əsəs mövzularından birinə çevrilib.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, uzun zamandır ki, bir mövzu diqqətimi çəkirdi. İmamların (ə), imamzadələrin, ariflərin, alimlərin yaşadıqları yerdə mütləq İlahi rabitə üçün bir otaqları və ya otaqlarında məxsusi küncləri mövcud olub. Bu, elə indinin özündə də belədir. İnsanın qəlbinin küncü və ya bütün qəlbi İlahi rabitə ilə dolduğu vaxt, bu, mütləq həyat prinsiplərində özünü göstərir.

Qum şəhərində cəmi 17 gün qalmasına baxmayaraq, Xanım Məsumənin (s.ə) ilk işi -  İlahi rabitə üçün bir otaq ayırmaq olmuşdu. Bibi-Heybətdə məzarı olan Həkimə xanımın da məsciddən yuxarıda ibadət otağı olub. Nardaranda olan Rəhimə xanım ziyarətgahında da xanımın ibadət etməsi üçün məxsus yeri olub.

Rəsulallah (s) da rabitə qurmaq üçün Hira dağını seçmişdi.

İlahi rəngə bürünmüş şəxslərin həyatlarındakı bu məqamlar bizə nə mesajı verir?

1. İlahi rabitə üçün ətrafında Onu yada salacaq, xatırladacaq mövzuların çoxluğu mütləqdir.

2. İlahi rabitə üçün elə yerlər seçilməlidir ki, o yerlərdə onunla yalnız qala biləsən.

3. İlahi rabitə üçün ayırdığın yerləri hər kəs üçün əlçatan etməməyin arzuolunandır.

4. Ayırdığın yerlər öz sadəliyi ilə seçilməlidir.

5. Özün üçün bu cür məkanların ayrılması Onun yanında da sənin yerinin olmasının təzahürüdür.

Bu mövzunun fonunda bir mövzunu diqqət mərkəzinə gətirmək istəyirik. Bildiyimiz kimi, hər yer Allahın məhzəridir və bəndə hər yerdə Allahla rabitə qurmaqda azaddır. Həzrət İbrahim (ə) İsmaili (ə)  niyə məhz məxsus olunmuş bir yerdə - Mina dağında qurban etməli idi?

Burada bir neçə mövzu qeyd edilə bilər. İlk olaraq əgər İbrahim (ə) öz qurbanını məxsusi bir yerdə kəsməsəydi, onu görənlərin tənəsinə tuş gələ bilərdi. Bunlar İbrahimin  (ə) qərarına təsir etməsəydi də, o ibadətin kamil şəkilində yerinə yetirməsinə mane ola bilərdi.

Çıxarılan dərs budur ki, Allahla rabitə üçün elə yerlər seçmək lazmdır ki, öz Rəbbinlə, Ona layiq şəkildə ünsiyyət qurmağa fürsətin olsun. Ətrafında olanlar sənin Rəbbinlə ünsiyyətinin formasını, şiddətini bilməsələr, bu amil ibadətinin keyfiyyətinə müsbət təsir edər.

Daha bir məqam da diqqətdən kənarda qalmamalıdır. İbrahim (ə) öz qurbanını elə əmr verilən kimi kəssəydi, onun daxilində baş verən vəsvəsələrdən və şeytanın törətdiyi əngəllərdən qismən də olsa, kənarda qala bilərdi. İbrahim (ə) əslində İsmayılını (ə) yanına alıb, Mina dağına getdikdə yol böyü onun içindəki bütün fırtınalara da qalib gəlməli idi. Xəlilullahın (ə) yerinə yetirdiyi bu ali ibadət tam olaraq iradəvi və qəlb rizayəti ilə yerinə yetirilməli idi. Necə ki, İmam Hüseyn (ə) Mədinədən Məkkəyə və Məkkədən də Kərbəlaya gəlməsi zamanı baş verən bütün ələmələr, mərifət dayanacaqları İmamla (ə) bütünləşmiş əsil ruhları ortaya çıxrtdı.

Çıxarılan dərs budur ki, insan ibadətini Xaliqə layiq şəkildə etməlidir. İbadət edərkən tam qəlb aramlığı ilə etməlidir və məcburən yerinə yetirməməlidir. İnsan İlahi əmr qarşısında bütün emosiyalarını kənara buraxmalıdır. Atalıq duyğuları, nəfsi istəklər Onun əmri qarşısında heçə dönməlidir. (Allah əməl etməyi də hər birimizə nəsib etsin).

Öz qurbanını Minaya aparan İbrahim (ə), o yolda şeytanın vəsvəsələri ilə qarşılaşır. Qəlbindəki atalıq duyğuları baş qaldırır. Övladının da yolda bu hadisədən xəbər tutması, baş verəcək hadisənin həssaslığını artırır.

Mina - İbrahim Xəlilullahın (ə) İlahi rəbitə və özünü təsdiq etmək üçün Rəbbinin təyin etdiyi bir yerdir. İbrahim (ə) Rəbbinin əmrinə "ləbbeyk!" deməsiylə Mina dağını elə bir rəngə boyadı ki, o dağ düz Qiyamatə qədər İlahi rabitə quranlar üçün öz "İsmayıl"larını qurban kəsdiyi yer kimi qalacaq.

Bildiklərimizin əməllərimizdə təzahür etməsi diləyi ilə.

Milli.Az