"Rustavi 2" telekanalının sabiq baş direktoruna qarşı ittiham irəli sürülüb

9 Avqust 2019 20:45

Gürcüstan Baş Prokurorluğu "Rustavi 2" telekanalının sabiq baş direktoru Nikoloz (Nike) Qvaramiyaya səlahiyyətlərindən sui-istifadə işi üzrə ittiham irəli sürüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu prokurorluğun nümayəndəsi brifinqdə deyib.

Qvaramiya vəzifədən iyunun 18-də, "Rustavi 2" kanalının sahibi dəyişdikdən sonra azad edilib. Gürcüstan Ali Məhkəməsi 2017-ci ilin martında müxalifət telekompaniyasını onun keçmiş sahibinə - biznesmen Kibar Xalvaşiyə verilməsinə dair şəhər və apelyasiya məhkəmələrinin qərarlarını qüvvədə saxlayıb. "Rustavi 2" Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib. Lakin Avropa məhkəməsi də şikayəti əsassız sayıb.

Qvaramiyanın əvəzinə telekanala Xalvaşinin vəkili Paata Saliya təyin olunub. Bundan sonra prokurorluqda onun ünvanına maliyyə pozuntuları və sui-istifadə barədə məsələ qalxıb və sabiq direktor bir neçə dəfə ifadə verməyə çağırılıb.

Bir müddət əvvəl Qvaramiya Rusiya Dövlət Dumasının ölkəyə gürcü məhsullarının gətirilməsinə qadağa qoymaq barədə tövsiyələrinə dair bəyanatını canlı efirdə şərh etmiş və demişdi ki, gürcü şərabının və mineral sularının Rusiyaya ixrac edilib-edilməməsi onun vecinə deyil.

Milli.Az