"Dinamo"dan iki transfer - Şeydayevə 20 milyonluq rəqib

9 Avqust 2019 17:11

Rusiyanın "Dinamo" klubu yeni transferlərini açıqlayıb.

Milli.Az klubun saytına istinadən xəbər verir ki, Moskva təmsilçisi Almaniyanın "Borussiya" klubunun hücumçusu Maksimilian Filippin transfer edib. Bu keçid üçün dortmundlulara 20 milyon avro təzminat ödənilib.

Bu keçid "Dinamo" tarixinin ən bahalı transferi olub. Filipplə 5 illik müqavilə imzalanıb.

Paytaxt klubu "Fənərbağça"dan ayrılan rusiyalı müdafiəçi Roman Noyştadterlə 1 illik müqavilə bağlayıb.

"Borussiya" Maksimilian Filippi 2017-ci ildə "Frayburq"dan 20 milyon avroya transfer etmişdi. 25 yaşlı hücumçu 2017/18 mövsümündə Bundesliqada 20 oyuna 9 qol vurmağı bacarmışdı. Lakin ötən mövsüm çempionatda 18 oyuna çıxan futbolçu cəmi 1 qola imza atıb.

"Dinamo" daha öncə Fransanın "Marsel" klubunun 25 yaşlı hücumçusu Klinton Njeni 5,5 milyon avroya transfer etmişdi.

Azərbaycan millisinin üzvü Ramil Şeydayev "Dinamo"da çıxış edir. 23 yaşlı hücumçu Rusiya Premyer Liqasının ilk 4 turundan sonra 1 assist edib.

Milli.Az