"Min manata görə, məni filmə çəkmirlər" - Rafael Dadaşov

8 Avqust 2019 14:18

Özüm bilə-bilə "Vağzalı" sifariş verim. Onu döndəriblər heç nəyə. Çox yerdə eşitmişəm, artıq "Vağzalı" ölür. Keçirlər Vendersonun marşına. Bilə-bilə efirdə bu mövzunu saldım ki, unutmayın. Ata-babaların, köç havasıdır. Avropasayağı marş bizə xas deyil.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bunu Xalq artisti Rafael Dadaşov "5/5" verilişində deyib. Aktyor son vaxtlar məclislərdə "Vağzalı"dan istifadə edilməməsindən şikayətlənib. O bildirib ki, ənənələrimiz unudulur:

"Onsuz da avropalaşırıq. Unutmayın bizim adət-ənənələrimizi. Prodakşınlarda, televiziyalarda yaradıcılıq həvəsi yoxdur. O vaxtlar nələr edirdilər: teletamaşalar, seriallar hazırlanırdı. İntibah dövrü idi. İnsanlarda qığılcım, həvəs qalmayıb. İndi pul dalıyca qaçmaq var. Heç kimi də qınamıram, dolanmalıdırlar. Biz də o vaxt qazanırdıq. Amma quruluş başqa idi. Pul düşünmürdük. Fikirləşirdik ki, arxivlərdə qalacağıq".

Dadaşov rejissorların onu filmlərə, seriallara dəvət etməməsindən gileylənib:

"Bizi çağırmırlar, bahalı aktyor sayırlar. Deyirlər, Rafael Dadaşova min manat verməkdən, başqasına 100 verim, çəkilsin. Uzun illərdir bədii-filmdə rol almamışam".

Aktyor artıq çəki almasının səbəbini açıqlayıb:

"Yeyib-içməklə əlaqədar deyil. İki dəfə ürək əməliyyatı keçirmişəm. Həm də bizdə ata tərəf köklüyə meyillidir. Gəzmək kompleksim var. Cavanlıqdan insanlar içində gəzmə kompleksim olub. Xoşum gəlir, insanlar tanıyır, şəkil çəkdirmək istəyir. Amma edə bilmirəm".

Milli.Az