Bütün şəhər boyu etiraz aksiyasına görə insanlar tutulur. Tutulanlar, sadəcə, paytaxtın yox, şəhər kənarındakı qəsəbələrin də polis məntəqələrinə aparılır. Polis baş verənləri şərh etməkdən boyun qaçırıb. İctimai asayişin qorunması müvafiq normativ-hüquq bazası əsasında aparılır.
Bu, ölkədəki müxalifət partiyasının və ya partiyalarının etiraz aksiyası ilə bağlı Azərbaycan DİN-nin, ya da Bakı şəhər polisinin yaydığı məlumat deyil.
Açıqlama Britaniyanın The Guardian qəzetinin Londondakı küçə yürüşü və aksiyalarla bağlı məlumatdır.
Bəs siz nə düşünmüşdünüz?
Almaniyada "Toplantılar və yığıncaqlar haqqında" qanun kütləvi iğtişaşlar, qanunsuz yürüşlər və mitinqlərə, hətta belə əməlləri törətmək niyyətinə görə ağır cəzaları nəzərdə tutur.
Azərbaycanda isə müxalifət eyni şüarı, eyni sözü artıq 26 ildir ki, mantra kimi təkrarlayır: "Bizdən fərqli olaraq, Qərb ölkələrində isə..."
Bizim adları və maskaları liberal, özləri isə radikal olan müxalifətçilər çox məsələləri anlamırlar, onların liderləri isə siyasi fəaliyyət göstərdiklərini iddia etsələr də, bağışlayın, bisavad və cahildirlər.
Azərbaycan normal ölkədir. Hətta qonşuluqdakı dövlətlərə baxanda daha normal, Yaxın Şərq və Mərkəzi-Ön Asiya bölgələrindəki müsəlman ölkələrə baxdıqda isə, çox normal dövlətdir.
Təbii, çoxsaylı problemlər, nöqsanlar da var.
Bəs AXCP, Müsavat, "Milli Şura" kimi marionet strukturların, xaricdə kök salıb buraya marazmatik xitablar edənlərin dedikləri "o gözəl Qərb ölkələrində" vəziyyət necədir?
Baxaq.
- Polis əməkdaşının fotosunu, onun ailəsi və ünvanı barədə məlumatları sosial şəbəkədə paylaşan idiotla xüsusi xidmət orqanları dərhal maraqlanırlar. Beləsini həbs edirlər. Məsələn, Fransada və ya ABŞ-da müxalifətin aksiyasının qarşısının alınmasında iştirak edən polis əməkdaşının fotosunu yayaraq "Baxın, bizi döyən qəddar polis budur!" yazan, onun ünvanını göstərən adamı ağır cəza gözləyir.
- Hüquq-mühafizə strukturları ilə yanaşı, dövlət qurumlarına qarşı itaətsizliyə, kütləvi yürüşlərə və s. çağıran, dövlət xadimlərini təhqir edən, onların edam ediləcəyini, "inqilabdan sonra məhv olunacağını" deyən şəxs mütləq şəkildə qanun qarşısında cavab verir
- sosial şəbəkələrdə "sanksiyasız mitinqə necə və nə üçün getməli" tipli məsləhətlər paylaşan adamı polis ən azı çağırır, "uçot"a alır, söhbət edir, əksər hallarda isə belə adama qarşı cinayət işi qaldırır
- mitinqlərə çəkic və ya bıçaqla gedənlərə qarşı inzibati yox, cinayət işi açılır
- yürüş, aksiya və ya mitinqlərdə provokasiya yaradanlara qarşı cinayət işi açılır
- vətəndaşları "kütlə" qismində mitinqlərə çağıran siyasətçilər demaqoq, populist, zavallı sayılır
- mitinqdə polisə əl qaldırana qarşı isə nə edilir - buyurun, YouTube-də "demokratik Qərb polisi"nin belə hərəkətləri barədə yetərincə görüntülər var.
Və ən nəhayət, "demokratik Qərb"də polis və xüsusii xidmət orqanları sosial şəbəkələrdə, sadəcə, şərti nasistləri, irqçiləri, radikalları, ultrasağçıları və ya ultrasoolçuları izləmir. İstisnasız olaraq bütün sosial şəbəkələrdə, bütün səhifələrdə, qruplarda, pabliklərdə və s. ekstremist, radikal çağırışlar, paylaşımlar qeydə alınır, zəruri çıxarışlar edilir.
Məhz bu səbəbdən xaricdə yaşayıb Azərbaycana xitab edən, özlərini "siyasi fiqur və bloqer" hesab edənlər arasındakı imbesillərdən fərqli olaraq, Qərbdə bloqerlər çıxışlarında hakimiyyət nümayəndələrini hədələmir, təhqir etmir, aşağılamır, "hakimiyyətə gələndən sonra başınıza oyun gətirəcəyik, Qəzzafinin taleyini təkrarlayacaqsınız" tipli idiotik ultimatumlar paylaşmırlar. Onların lüğətində, ümumiyyətlə, belə ifadələr olmur.
AXCP-nin həm də sədri və bloqer Əli Kərimli, Müsavatın təsərrüfat işləri müdiri və sənəd taciri Arif Hacılı, "Milli Şura"nın komik "sədr"i Cəmil Həsənli və qeyri xırdaçaplılar artıq anlamalıdırlar ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da hakimiyyət ideal deyil, məmurlar və millət vəkilləri Andromedadan gəlməyiblər. Fəqət, vətəndaşlar bunu anlayır, hakimiyyətə sayğı bəsləyirlər. Səhv görəndə də, deyilir. Özü də bərkdən, uca səslə, anlayışla.
Azərbaycanda hakimiyyət zəif deyil və zəif olmamalıdır. Çünki zəiflik hakimiyyət üçün yox, ölkə və dövlət üçün fəlakətdir.
Şərq ölkələrindəəki hadisələr göstərdi ki, hakimiyyət radikal müxalifətlə humanist davranmaq istəyəndə, əslində, zəiflik nümayiş etdirir və bu, Liviya, Suriya, İraq, Mərakeş, Tunis, habelə digər ölkələrdəki proseslərə rəvac verir.
Bu, o demək deyil ki, hakimiyyət işsizlik, yoxsulluq problemlərini tam aradan qaldırmalı deyil, qeyri-neft sektorunu tam inkişaf etdirib neftdən asılılıqdan bilmərrə qurtulmağımıza nail olmamalıdır. Xeyr, hakimiyyət bunu etməlidir və edir də.
Amma bəlli dəstələr, məlum adamlar insanları "kütlə" qismində küçələrə çağıraraq hakimiyyət dəyişiklikliyi adı altında üsyan və ya qiyama nail olmaq istəyirsə, ölkəni vətəndaş savaşında viranə qalacaq məkana döndərməyi planlaşdırırsa, bunun qarşısı çox sərt şəkildə alınmalıdır.
"Normal və demokratik" Qərb ölkələrində olduğu kimi.
Yerli, əyalət təfəkkürlü müxalifətimiz hələ də dərk etmir, edə bilmir və etmək istəmir ki, son illərdəki fəaliyyəti Azərbaycanın iç siyasət müstəvisində, bu arealda istəniləni formada və məzmunda, görüntüdə və xislətdə üçüncü qüvvənin formalaşmasına mane olub. Əli Kərimli, İsa Qəmbər və qeyriləri təki siyasət kunst-kamerasının eksponatları "canlı ölü" olduqlarını qəbul etməyərək rəqib hesab etdikləri istənilən müxalifətçini sıradan çıxarmaq üçün əllərindən gələni ediblər.
Müxalifətin mütərəqqi, liberal kəsimləri ilə yanaşı, solçular, demokratlar və başqaları darmadağın edilib. Yerdə qalanlar bəhs etdiyim psevdosiyasətçilərə sadiq qalanlarla onların rəqibləridir.
Siyasi müxalfiət üçün faciə də budur.
Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı, İsa Qəmbər, Tofiq Yaqublu, Gültəkin Hacıbəyli və daha kimlər, kimlər... Bu şəxslər siyasət səhnəsində əvəzlənməyincə, aktiv fəaliyyətdən kənarlaşmaq məcburiyyətində qalmayınca müxalifət heç nəyə nail ola bilməyəcək.
Marionetlərlə hərəkət, parodiyalarla sənət olmur.
Olsa, ən yaxşı halda ucuz şou alınır. Şouları isə həmişə olduğu kimi, Azərbaycandan çox kənarda sifariş verirlər.
Sifarişlə danışanlara, hirslənənlərə, gülənlərə, ağlayanlara isə nə deyilir, bilirsiniz yəqin.
Elçin Alıoğlu
Milli.Az