Qışda yüz dərdə dərman balqabaq kürüsü - İndidən hazırla

2 Avqust 2019 21:54

Badımcan, kabaq  kürüsündən də faydalı olan balqabaq kürüsü A, C, E, D, P, B vitaminləri ilə zəngindir. Eləcə də ftor, maqniy, kalsium, sink, marqans, yodla boldur. 

Milli.Az medicina.az-a istinadən qışda ailə üzvlərinin, xüsusən uşaqların çox dərdinə dərman olacaq, həzmi yaxşılaşdıran, mədəaltı vəzini dirildən, immuniteti yüksəldən, mədə-bağırsağı yumşaldan balqabaq kürüsünün reseptini təqdim edir:

Ərzaqlar:

Balqabaq - 800 qr
Kök - 2 ədəd
Sarımsaq - 3 diş
Soğan -1 ədəd
Tomat pasta - 3 x. q
Bitki yağı - 5 x.q
Sirkə -1 x.q
Duz, şəkər tozu - zövqə görə

Hazırlanması:

Balqabaq soyulur, tumları çıxarılır, lət hissəsi xırda kub formasında doğranılır.
Sarımsaq presdən əzilir, soğan xırda doğranılır. Kök sürtgəcdən keçirilir. Bunlar hamısı tavada 3 xörək qaşığı yağda qızardılır. Əvvəl soğan sarımsaq, daha sonra kök burda bişirilir. 

Bunlar hazır olana yaxın balqabaq əlavə edilib, üzərinə stəkanın dibində su tökülüb, qapağı örtülərək, zəif odda 30 dəqiqə bişirilir. 
Sonra tomat pastası, şəkər, duz əlavə edilib, daha 7 dəqiqə bişirilir.

Odun üzərindən götürüb, soyudulur, qalan 2 x.q yağ əlavə edilir, qarışdırılır və kürü kimi kütlə alınması üçün blenderdən keçirilir. Sterilizə olunmuş bankalara bağlanılır. Sərin yerdə saxlanılır.

Milli.Az