"Akkord" otüstü xokkey komandası dördqat Azərbaycan çempionudur - FOTO

31 Oktyabr 2011 13:03
"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin sponsorluğu ilə otüstü xokkey üzrə Azərbaycan Çempionatında uğurla çıxış edən "Akkord" komandası 2011-ci ilin aprel-noyabr ayları ərzində keçirilən X  Azərbaycan Çempionatında daha bir nailiyyətə imza atıb. Komanda güclülər liqasında keçirilən oyunların son turuna bir oyun qalmış "Şahdağ" (Qusar) komandası üzərində qazandığı 3:0 hesablı qələbəsi ilə ölkə çempionu adını qazanıb. Beləliklə, komanda son iki il ərzində ardıcıl olaraq ikinci dəfə, ümumiyətlə isə, 4-cü dəfə (2007, 2008, 2010 və 2011-ci illər) Azərbaycan Çempionu adını qazanıb.

Oktyabrın 29-da "Akkord" komandası ilə bərabər güclülər liqasında çıxış edən "Atasport" komandası arasında cari çempionatın son oyunu keçirilib. Çempionun müəyyənləşməsi üçün heç bir əhəmiyyət daşımasa da, oyun maraqlı idman mübarizəsi şəraitində keçib və 7-1 hesabı ilə "Akkord" komandasının qələbəsiylə yükunlaşıb. Çempionatda 23 topun müəllifi olan "Akkord" komndasının kapitanı Saleh Balamiyev yarışların ən çox top vuran oyunçusu mükafatına layiq görüldü.

Qeyd edək ki, "Akkord" otüstü xokkey komandası son 5 il ərzində ölkə və beynəlxalq miqyaslı yarışlarda 6 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıb. Komanda dördqat Azərbaycan Çempionu olmaqla yanaşı, həm də 2010-cu il Azərbaycan Kubokunun sahibi və 2011-ci il Avropa Çempionlar Kubokunun "Çelenc IV" turnirinin qalibidir. Bundan başqa, komandanın 6 üzvü otüstü xokkey üzrə kişilərdən ibarət milli yığma komandanın üzvü, "Akkord"un kapitanı Saleh Balamiyev isə, həm də milli komandanın kapitanıdır.

Komandanın bütün üzvləri (16 nəfər idmançı və məşqçi heyəti) "Akkord Sənaye Tikinti Korporasiyası" ASC-də müxtəlif vəzifələrdə çalışırlar.



Böyütmək üçün şəkillərə klikləyin.