Novruz bayramında İrandan Azərbaycana 100 min turist gəlib
12 Aprel 2010 19:26
APA-nın "Farsnews"a istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycanın İranda fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov bildirib. O İranın mədəniyyət və islami əlaqələr mərkəzinin rəhbəri Mehdi Mustəfəvi ilə görüşdə qeyd edib ki, heç bir amil İran və Azərbaycan milləti arasında ayrılıq sala bilməz: "Bizim qədim köklərə bağlanan tarixi əlaqələrimiz var".
Mehdi Mustəfəvi qeyd edib ki, sərhədlər millətləri bir-birindən ayırsa da, onların ürəkləri həmişə bir-birinə yaxın olub. Mədəni əlaqələr, mehr-məhəbbət insanlar arasında olan sərhədləri götürür. İndi iki ölkə arasında olan əlaqələr daha da güclənməkdədir, hər iki ölkənin maraqları təmin olunur. İki ölkənin insanlarının dini, dil və mədəniyyəti onların daha tez və asanlıqla əlaqə qurmasına səbəb olur". M. Mustəfəvi İranla Azərbaycanın kitab, film, kütləvi informasiya, ticarət, turist, iqtisadi və siyasi sahədə olduqca möhkəm əlaqələrinin olduğunu bildirib.
Cavanşir Axundov görüşdə bütün sahələrdə iki ölkənin əlaqələrini yüksək dəyərləndirərək İrandan Azərbaycana təkcə Novruz bayramı ərəfəsində 100 min İran vətəndaşının səfər etdiyini xatırladıb. Səfir avqust ayında Tehranda Azərbaycan Mədəniyyət Günlərinin keçiriləcəyini, bu mərasimdə Azərbaycan mədəniyyət və turizm nazuru Əbülfəz Qarayevin iştirak edəcəyini, iki ölkənin münasibətlərinin gələcəkdə daha da inkişaf edəcəyini vurğulayıb.
/APA/