Birləşmiş Ştatların sutkalıq neft istehsalı 11 milyon barrelə geriləyib

26 İyul 2019 00:45

ABŞ-ın gündəlik xam neft hasilatı azalır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft istehsalı əvvəlki həftə ilə müqayisədə 700 min barrel azalaraq gündəlik 11,3 milyon barrelə düşüb. Lakin bu göstərici ölkə tarixində neft istehsalının ən yüksək səviyyəsidir. ABŞ-ın neft hasilatı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum - gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.

ABŞ-ın gündəlik neft istehsalı yanvarda 11,9 milyon barrelə, fevralda 12 milyon barrelə, martda 12,2 milyon barrelə, apreldə 12,3 milyon barrelə, mayda 12,4 milyon barrelə yüksəlib, iyunda isə 12,2 milyon barrelə düşüb.

Keçən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 196 min barrel artaraq gündəlik 7,02 milyon barrel təşkil edib. Ölkənin xam neft ixracı da əvvəlki həftə ilə müqayisədə 758 min barrel çoxalaraq sutkada 3,29 milyon barrel olub.

EIA-nın proqnozuna görə, ABŞ-ın neft hasilatı bu il sutkalıq orta hesabla 12,32 milyon barrel, gələn il isə 13,26 milyon barrel təşkil edəcək.

Milli.Az