Paşinyan iç üzünü göstərdi: qorxur, tanklara bel bağlayır

23 İyul 2019 15:23

Çalışıram ki, ölkəmiz və xalqımız inkişaf etsin, Ermənistanda demokratiya bərqərar olsun. Olacaq da. Bizə müqavimət göstərənlər güclü olduqlarını düşünsələr də, yanılırlar.

Ermənistanın baş naziri Nikol Paşinyan "Azadlıq" radiosunun erməni dilindəki xidməti olan "Azatutyun"un rəhbəri Hrayr Tamrazyana verdiyi müsahibəsində belə deyib.

Saçları boyalı, sifəti təbəssümlü Tavmazyan son iki ildəki ampluasına sadiq qalıb. ABŞ-ın marioneti olan və bu səbəbdən Vaşinqtondan sürəkli dəstək vədləri alan, həmin vədlərin cüzi hissəsinin reallaşmasından özünü bəxtəvər bilən N.Paşinyan qarşısında oturub ona suallar ünvanlayan adamı əla tanıyır.

Ən azı ona görə ki, hazırda "Azadlıq" radiosu Paşinyanın birmənalı şəkildə dəstəklənməsi və media-müşayiəti ilə məşğul olur.

Ermənistanın baş nazirinin müsahibəsi, sanki, Ziqmund Freydin maksimalarının isbatı, çoxsaylı fobiyaları və kompleksləri olan adamın müayinəsi idi.

Qorxular, təşvişlər, hər kəsdən şübhələnmək, "balaca fürer" maniyası, bisavadlıq, siyasi korafəhmlik, idarəetmənin taktikasından və ölkənin perspektivlərini görmək strategiyasından məhrumluq. Bütün bunları Nikol Paşinyan müsahibəsində nümayiş etdirdi.

Hrayr Tamrazyan isə, sanki, baş naziri ilk dəfə görürmüş təki hər cümləyə baş yelləyir, yerində qurcuxur, çox sevindiyini göstərirdi. O, "xalq lideri"nin simasında idiotik mimikadan, absurd fikirlərindən və marazmatik açıqlamalarından belə, vəcdə gəlirdi sanki.

Halbuki jurnalist, illah da ki, "Azatatutyun"un baş redaktoru belə davranmamalı idi. O, deyilənlərə qulaq asmalı, suallarını daha konkret və normal qaydada verməli, sürəkli olaraq həmsöhbətini tərifləməməli idi.

Bir saatdan artıq davam etmiş bu müsahibə, əslində, Ermənistana və ermənilərə üç əsas messic verdi:

1. Ermənistanın baş naziri Nikol Paşinyan mütləq Konstitusiya Məhkəməsini və ümuiyyətlə, ölkədəki bütün məhkəmələri ələ almaq, tam nəzarətə yiyələnmək istəyir. Sabiq prezident Robert Köçəryanın zaminə buraxılması Paşinyanı elə hiddətləndirmişdi ki, o, Apellyasiya Məhkəməsinə aşkar təzyiqlər edərək Köçəryanın təkrar həbsinə nail oldu.

Ermənistanın baş prokuroru Artur Davtyan və Konstitusiya Məhkəməsinin hazırkı sədri Hrayr Tovmasyan faktiki olaraq N.Paşinyanın marionetkalarıdır.

Apellyasiya Məhkəməsinin "boss"u Armen Danielya da eyni tipli adamdır. Lakin hakimlər Azaryan və Qriqoryan oyuncaq olmaq istəmədikləri, sabiq prezident Robert Köçəryanın təkrar həbsini əsaslandırmaqdan boyun qaçırdıqları üçün təqiblərə məruz qalıblar.

Paşinyanın nəzarətində olan kütləvi informasiya vasitələri və sosial şəbəkələrdəki trollar Azaryanın dissetrasiyasında səhvlər tapmağa çalışır, az qala hər səhifəni zərrəbinlə oxuyurlar.

Qriqoryana isə iş otağında axtarış aparılandan sonra ona qarşı cinayət işi açılıb. Halbuki aylar əvvəl prokurorluq bu işi qurama adlandırmışdı.

Səbəb bəllidir: Ermənistanın baş nazirinə normal, savadlı və düşüncəli hakimlərlə prokurorlar yox, Armen Danielyan kimi buyruq qulları gərəkdir.

2. Sabiq prezident Robert Köçəryanın nəyin bahasına olursa-olsun, həbsdə qalması, özü də maksimal müddətə azadlıqdan məhrum edilməsi N.Paşinyan üçün az qala idefiksə, həyatın mənasına çevrilib.

Freydin potensial müştərisi olan Paşinyanın xarici və daxili siyasəti bərbaddır, hətta ağlar gündədir. Venesiya Komissiyasından tərs şapalaq alan, Rusiya ilə münasibətləri çox gərginləşdirən, əslən Dağlıq Qarabağdan olan erməniləri Ermənistanda az qala "ikinci növ insan" elan edən, ölkənin təhlükəsizlik sistemini viran qoyan, onu hakimiyyətə atladan "küçə inqilabı"nı sabiq prezident Levon Ter-Petrosyanın Erməni Ümummilli Hərəkatına transformasiya etməyə çalışan baş nazir çox zəif insan, yarıtmaz siyasətçidir.

Mahiyyət etibarilə R.Köçəryanın köləsinə çevrilmiş N.Paşinyan bütün Ermənistanı əsarətə almaq istəyir. Ölkə, sanki, bir qeyri-adekvat baş nazirin istəklərinin reallaşması aləti qismində görülür.

3. Ən başlıca məqam. Nikol Paşinyan faktiki olaraq bəyan etdi ki, əgər hakimiyyəti itirməyə başladığını, söykəndiyi sütunların laxladığını hiss edərsə, rəqiblərini hətta tanklarla əzməyə belə, hazırdır.

Bu istəklər Ermənistanın baş nazirinin əsl siması ilə yanaşı, onu içdən gəmirən qorxuları da göstərdi. Eyni zamanda, bəlli oldu ki, "xalq istəməsə, baş nazir kreslosunda 10 dəqiqə də qalan deyiləm" sözləri ağ yalan, əsl niyyəti pərdələmək üçün söz yığınıdır.

Çünki Nikol Paşinyan üçün hakimiyyət pulsuz səfərlər, varidat, ianələr qismində toplanan və onun hesablarına yatan pullar, həzz, beyində olmasa da, cibdəki yoxsulluqdan qurtulmaq vasitəsidir. Bu səbəbdən də o, rəqiblərini dişləri ilə parçalamağa, düşmənlərini də tanklarla əzməyə hazırdı.

Di gəl, o dərk etmir ki, belə tamahkar, volüntarist davranışı və qərarları ilə məmurların, idarəetmə və icra aparatının mənsublarının tam əksəriyyətini özünə düşmən edib.

Düşmənlər isə nifrət etdikləri adamın əmr və göstərişlərini necə icra edirlər - məlum.

Elçin Alıoğlu
Milli.Az